Alessandro Çiappini: Millini çalışdırmaq şərəf olardı
17.01.2013 - 12:17
Alessandro Çiappini: Millini çalışdırmaq şərəf olardı
“Azərreyl”in baş məşqçisi Alessandro Çiappini Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bu ölkənin millisinə namizədliklə bağlı sualları cavablandırıb.

- Polşa yığmasının baş məşqçisi Alozi Sviderek vəzifəsindən getdikdən sonra onun yerinə mütəxəssis axtarılıb. Bu barədə xəbəriniz varmı?
- Bəli, bu bərədə eşitmişəm. Bilirəm ki, Polşa Voleybol Federasiyası yeni məşqçi axtarır.

- Adı çəkilən namizədlər sırasında siz də varsız...
- Polşa yığmasını çalışdırmaq böyük bir şərəf olardı. Mən belə bir təklif alsam bununla fəxr edərdim və çox xoşbəxt olardım. Əlbəttə ki, bu söz-söhbəti mən də eşitmişəm. Lakin hazırkı durumda buna şayiə kimi baxıram. Çünki mənə konkret təklif olmayıb.

- Belə başa düşmək olarmı ki, təklif alacağınız halda onu qəbul edəcəksiz?
- Artıq dediyim kimi belə bir təklifin olması mənim üçün şərəf olardı. Polşa zəngin voleybol tarixi və ənənələrinə malik ölkədir. Ölkənizdə çoxlu istedadlı gənc və onlarla birgə oynaya biləcək təcrübəli voleybolçular var. Üstəlik, Polşa voleybol oynamaq üçün əla yerdir. Çünki burada daim azarkeşlər komandalara dəstək olurlar. Belə fanatlar qarşısında işləmək adama zövq verir.

- Polşa voleyboluna yaxşı bələd olduğunuzdan yəqin ki, bu sizin üçün çətin olmaz...
- Bəlkə də belədir (gülür). Əminliklə onu söyləyə bilərəm ki, polşalı voleybolçuların çoxunu tanıyıram. Bu da yığmada işləyəsi olsam, köməyimə gələcək.

- Sizinlə yanaşı, yerli Petr Makovski, həmyerlini Covanni Kaprara və braziliyalı Marko Motta da bu posta namizədlərdir. Onlar barədə nə deyə bilərsiz?
- Bəli, mən digər namizədlər barədə də eşitmişəm. Onların hər birini yaxşı tanıyıram və hörmət edirəm. Lakin namizədliklə bağlı heç nə deyə bilmərəm.

- Polşa üçün darıxmırsız?
- Mən bir neçə dəfə bu demişəm və həmişə təkrarlayacam: Polşada 2 möhtəşəm mövsüm keçirmişəm. Yenidən oraya qayıtmaq istəyərəm, orada çoxlu dostlarım qalıb. Onlar üçün darıxıram.