“Bir daha təkrar edirəm ki, biz yeni komanda qururuq”
19.01.2013 - 20:16
“Bir daha təkrar edirəm ki, biz yeni komanda qururuq”
“Bu oyunda nəticə mənim üçün o qədər də vacib deyildi. Artıq 2 həftədir məşq edirik və uşaqların məşqlərdən sonra hansı vəziyyətdə olduqlarını öyrənmək vacib idi. Hazırda biz əsasən 1996-cı və 1997-vi il təvəllüdlü futbolçuların çıxış edəcəyi yeni komanda formalaşdırırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev deyib.

O, ötən gün “bankirlər”in “Rəvan”la (1:2) keçirilən yoxlama matçını şərh edib:

“Rəvan”la oyuna futbolçular böyük yükləmələr fonunda yanaşmışdılar və bu oyuna tam hazır deyildilər. Bunu bilərək oyunun gedişində bir neçə əvəzləmə etdik. Bəli, futbolçular hələlik fiziki və funksional hazır deyil, ancaq biz bu çatışmazlığı aradan qaldıracağıq. O ki qaldı futbolçuların topla oynamalarına, bu planda bizim davranışlarımız xoşuma gəldi. Uşaqlar top yaxşı saxlayırdılar, topu savadlı idarə edirdilər və düşünərək irəliyə oynayırdılar. Bundan başqa, unutmaq lazım deyil ki, oyunda U-17 komandasının heyətində Türkiyəyə toplanışa yollanacaq 9 futbolçumuz yox idi. Bir neçə futbolçumuz da hazırda əsas komanda ilə Türkiyədə keçirilən toplanışdadır. Bir daha təkrar edirəm ki, biz yeni komanda qururuq. İlk zamanlar çətin olacaq, lakin mən hesab edirəm ki, bu komanda daha güclü ola bilər. “İnter” Uşaq-Gənclər Futbol Məktəbindən bir neçə yeni futbolçunu cəlb etmişik, bundan əlavə, komandaya bir nəfər olmaqla Gəncə və Qazaxdan futbolçu dəvət etmişik”.

Mənbə: inter.az