“Azərreyl” 1/3 finalda! - YENİLƏNİB
23.01.2013 - 19:29
“Azərreyl” 1/3 finalda! - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan klublarından “Lokomotiv”lə “Azərreyl” bir-birini sınağa çəkib.

Birinci görüşdə Alessandro Çiappininin yetirmələri qalib gəldikləri üçün matçın gərgin keçəcəyi gözlənilsə də, belə olmayıb. Debüt ilindəcə qrup mərhələsini uğurla adlayan “Lokomotiv” 1/6 finalda mübarizə dayandırmaq məcburiyyətində qalıb. “Azərreyl” isə ötən ilki kimi I pley-off mərhələsini keçməkdə ciddi çətinlik çəkməyib.

Belə ki, oyun qarşılıqlı hücumlarla başlayıb. Amma tezliklə “Azərreyl” təşəbbüsə yiyələnməkdə çətinlik çəkməyib. İlk texniki fasiləyə 1 top öndə çıxan komanda ikinci texniki fasilədə fərqi 5-ə çatdırıb. Əslində isə “Lokomotiv” özü onların irəli çıxmasına “şərait” yaradıb. Topu oyuna dəqiq daxil edə bilməyən Cüzeppe Kuçarininin yetirmələri ardıcıl 5 səhvə yol veriblər. Hissənin sonunda da məhz həmin 5 xal “Azərreyl” qələbə qazanması ilə nəticələnib.

Bu azmış kimi, kapitan Diana Nenovanı yola salaraq, yeni transfer Meri Spayserə ümid bağlayan “Lokomotiv”də amerikalının da hələ komandaya uyğunlaşmadığı özünü aşkar biruzə verib. Bundan məharətlə istifadə edən “Azərreyl” ikinci setdə 4:0 önə keçib. Məğlubiyyətlə barışmaq istəməyən Kuçarini taym-autla hissədə dönüş yaratsa da (5:5), yetirmələri yenidən çətin vəziyyətə düşüblər. Oyunları alınmadığı üçün onlar bu dəfə 18:25 hesabı ilə uduzublar.

Ardınca isə “Azərreyl” daha da ruhlanaraq, gözəl oyun nümayiş etdirib. Düzdür, setin gedişində onlarda müəyyən müddət arxayınçılıq da yaranıb. Lakin üstünlüklərini əldən verməyərək, “Lokomotiv”dən güclü olduqlarını sübuta yetirmək “Azərreyl” üçün problem yaratmayıb. Onlar yenə 3:0 hesablı qələbəni bayram ediblər.

Beləliklə, Çempionlar Liqasında mübarizə aparan 3 klubumuzdan “Lokomotiv” yarışa erkən vida edib. “Azərreyl” 1/3 finala yüksəldiyi halda, “Rabitə” Fransa “Kann”ı ilə mərhələ adlamaq üçün cavab oyununa sabah çıxacaq.


Çempionlar Liqası
I pley-off mərhələsi, cavab oyunu


23 yanvar
“Lokomotiv” (Azərbaycan) - “Azərreyl” (Azərbaycan) - 0:3 (20:25, 18:25, 22:25)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Ritvars Alksnis (Latviya)
Bakı, Voleybol Mərkəzi

İlk oyun
“Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:20, 25:21, 25:22)

Qeyd edək ki, “Azərreyl”in növbəti mərhələdə rəqibi “Yamamay” (İtaliya) – “Sveriner” (Almaniya) cütünün güclüsü olacaq. İlk matçda ikincilər 3:2 hesabı ilə qalib gəliblər.