Natalya Məmmədova: Belə hadisələr əhval-ruhiyyəni yüksəldir - MÜSAHİBƏ
24.01.2013 - 16:59
Natalya Məmmədova: Belə hadisələr əhval-ruhiyyəni yüksəldir - MÜSAHİBƏ
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiyanın məşhur sbvolley.ru saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan hücumçumuz CEV kubokunun “Çelenc raund”unda Rumıniya “Tomis”ini mübarizədən kənarlaşdırmaları və klubunun hədəfləri barədə danışıb.

- Ötən mövsüm “Tomis” CEV kubokunun yarımfinalında oynayıb. Bu il isə 2 dəfə İtaliyanın “Urbino” klubunu Çempionlar Liqasında məğlub edib. Onlar layiqli rəqib idilər və biz rumınlara qarşı ciddi hazırlaşmışdıq. İlk oyunda səfər qələbəsi bizə əlavə güc verdi. Ev matçında isə top qəbulunda etibarlı çıxış edib, hücumda üstünlüyümüzdən lazımınca yararlandıq.

- “Omiçka” tarixində ilk dəfə avrokubokun yarımfinalına yüksəldi...
- Bizdə hamı buna çox sevinir (gülür). Klub üçün bu, yeni bir səviyyəyə qalmaq deməkdir. Baxın, ən güclü “dördlüyə” hansı komandalar çıxıb. Yarımfinalda rəqibimiz Polşanın “Bank Fakro” klubu olacaq və onlar Çempionlar Liqasında “Omiçka” Rusiya Superliqasında oynayandan çox iştirak edir. Digər yarımfinalda əsl qrandlar – bir il öncə Çempionlar Liqasını qazanan Türkiyə “Fənərbaxça”sı və avrokuboklarda şanlı tarixi olan “Uraloçka” qarşılaşacaq. Belə çıxır ki, bu mövsüm “Omiçka” artıq onlarla eyni səviyyədədir və biz bu uğuru davam etdirmək üçün əlimizdən gələni edəcəyik.

- CEV kuboku “Omiçka” üçün Rusiya çempionatından daha vacibdir?
- Tez-tez işlədilən ifadə ilə cavab verəcəyəm. Biz həmişə qarşıdakı matç haqda düşünürük. Sadəcə, CEV kubokunun həlledici oyunları digər matçlardan əvvəl - Rusiya çempionatının pley-off mərhələsinin başlanmasından çox erkən baş tutacaq. Yeri gəlmişkən, “Omiçka” Superliqada da öz mövqeyini xeyli yaxşılaşdırıb. Üçüncü pillə ilə bizi 3 xal ayırır. Qarşıda isə təxminən ikinci dövrə var.

- Rusiya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd rəhbərliyi altında 3 il öncə Krasnodar “Dinamo”sunda oynadığınız Yuri Mariçev sayılır. Onun namizədliyi barədə fikrinizi bilmək maraqlı olardı...
- Kimin Rusiya yığmasını çalışdıracağı barədə şərh vermək istəməzdim. Lakin Yuri Maliçev haqda sadəcə, bir məşqçi kimi danışsaq, onunla işləməyin maraqlı olduğunu deməliyəm. O “Dinamo”ya gələndə biz turnir cədvəlinin aşağılarında yer almışdıq. Çox güman ki, ona kənardan məsləhətlər verməyə çalışırdılar. Lakin mütəxəssisin öz fikri vardı və o bundan dönməyərək, komandaya bürünc medalı qazandırdı. Bu “Dinamo”nun tarixində Rusiya çempionatında ilk medalı idi. Yəni Mariçevin artıq qadın komandaları ilə müvəffəqiyyətlə işləmək təcrübəsi var.

- Belə çıxır ki, artıq 2 Rusiya klubunun tarixi uğurlarında sizin də əməyiniz var?
- Bəli, belə çıxır. Bu cür hadisələr əhval-ruhiyyəni yüksəldir, emosiyaları və özünə inam hissini artırır. Lakin artıq səhərə yaxın “Omiçka”nın CEV kubokunda yarımfinala çıxmasını unudacam. İdmandan başqa cür ola bilməz.