“Rabitə” Kazanda “Dinamo”nu susdurdu - YENİLƏNİB
07.02.2013 - 21:05
“Rabitə” Kazanda “Dinamo”nu susdurdu - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 1/3 final mərhələsinin son oyun günündə “Rabitə” səfərdə Kazan “Dinamo”su ilə üz-üzə gəlib.

Azərbaycan çempionunu Rusiyada çətin “döyüş”dən üzüağ çıxmağı bacarıb. Hazırda ölkəsinin çempionatında vahid lider olan komandada kifayət qədər təcrübəli voleybolçuların yer almasına və rusların ən azından evdə uduzmamağa çalışması işlərinə yaramayıb. “Rabitə” səfərə məğlub olmaq üçün yollanmamadığını sübut edib.

Artıq klubda uyğunlaşma prosesi uğurla başa çatdığından komandamız Çempionlar Liqasında qələbə seriyasını davam etdirərək, “Dördlər finalı”na bir addım da yaxınlaşıb. Marçello Abbondanzanın rəhbərliyi altında avrokubokda məğlubiyyət acısı yaşamayan “Rabitə” bu dəfə 3:1 hesablı qələbəyə sevinib.

Oyuna gəlincə, matç qarşılıqlı hücumlar şəraitdə başlayıb. Kəşfiyyat xarakteri daşıyan ilk dəqiqələrdə rəqib öndə olub (6:8). Lakin texniki fasilədən sonra Marçello Abbondanza oyunun axarını dəyişməyi bacarıb. Onun tapşırıqlarını uğurla yerinə yetirən “Rabitə” öncə hesabı bərabərləşdirib (8:8), ardınca ikinci texniki fasiləyə 2 top irəlidə çıxıb. Bundan sonra daha da ruhlanan voleybolçularımız üstünlüklərini artırıblar və yekunda seti aktivlərinə yazmaqda çətinlik çəkməyiblər – 25:19.

“Dinamo” kimi, yerli azarkeşləri də şoka salan Azərbaycan çempionu II hissədə də inamlı təsir bağışlayıb. Onlar texniki fasilələrə 1 top geridə yollanmalarına baxmayaraq, ardıcıl 4 xal qazanaraq, hesabda önə keçiblər – 19:16. Amma komandamız bu üstünlükdən istifadə edə bilməyib. Düzdür, burada hakim səhvi də ev sahiblərinin işinə yarayıb və kazanlılar hesabı bərabərləşdirdikdən sonra (23:23) matçda tarazlıq yaradıblar – 1:1.

Ardınca “Rabitə” “Dinamo”nu fanatlarını sevindirməyə peşman edib. Sankt-Peterburq Voleybol Mərkəzində əsl şou göstərən təmsilçimiz ilk texniki fasiləyə 4, ikinci texniki fasiləyə 10 xal üstün çıxıb. Bu fərq setin sonlarına kimi davam edib. Asan məğlubiyyətlə barışmaq istəməyən ev sahibləri 10:20 hesabı ilə geri düşdükdən sonra özlərində güc tapıblar və fərqi 4 topa (19:23) endiriblər. Maraqlıdır ki, axırıncı dəqiqələrdə məhsuldarlığı ilə diqqət çəkən “Dinamo” son 2 xalı özü səhv etməklə komandamıza hədiyyə edib – 20:25.

Dördüncü hissə isə daha dramatik alınıb. “Dinamo” ilk texniki fasiləyə 6 xal öndə çıxıb. Azarkeşlər komandalarının hesabı bərabərləşdirəcəyini gözlədiyi anda “Rabitə” matçın axarını xeyrinə dəyişib və irəli də çıxıb – 18:17. Bundan sonra kazanlıların şoka düşməsindən məharətlə istifadə edən voleybolçularımız görüşün hesabını müəyyənləşdiriblər – 3:1.

Beləliklə, “Rabitə” fevralın 14-də cavab matçına rahat çıxa biləcək. Lakin onlar mərhələ adlamaq üçün ikinci oyunda da “Dinamo”ya güclərini göstərib, “Qızıl set”ə ümid etməli deyillər.

Çempionlar Liqası
II pley-off mərhələsi, ilk oyunlar


7 fevral
“DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İqor Porvaznik (Slovakiya)
Kazan, Voleybol Mərkəzi

Qeyd edək ki, Bakının digər klubu “Azərreyl” II pley-offda artıq birinci oyununu keçirib və İtaliyanın “Yamamay” klubuna səfərdə 2:3 hesabı ilə uduzub. Digər 1/3 final cütündə isə “Vakıfbank” “Əczaçıbaşı” (hər ikisi Türkiyə) ilə oynayacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
0