“Mən artıq “Lokomotiv”in azarkeşiyəm”
07.02.2013 - 15:56
“Mən artıq “Lokomotiv”in azarkeşiyəm”
“Lokomoitiv”in sabiq kapitanı Diana Nenovanın apasport.az saytına müsahibəsi

- Bakı klubundan gedişiniz gözlənilməz oldu. Səbəb nə idi?
- Açığı, mən də səbəbini bilmirəm. Buna görə də sizə dəqiq nəsə deməyə sözüm yoxdur.

- Deməli, qərarı “Lokomotiv” qəbul edib. Müqaviləniz nə vaxta kimi idi?
- Aprelə kimi. Qərarı isə kimin qəbul etdiyi barədə konkret məlumatım yoxdur. Ancaq çox təəssüf edirəm ki, belə alındı. Çünki bu komandanı sevirdim və ona hörmət edirdim.

- Vətəniniz Bolqarıstana qayıtmısız, yoxsa hazırda Azərbaycandasız?
- Bolqarıstandayam.

- Hələ dincəlirsiz, yoxsa hansısa klubla məşq edirsiz?
- Sofiya MOİK-i ilə məşq edirəm. Ancaq cari mövsümün sonuna kimi hansısa klubda oynamayacam. Növbəti mövsümü isə bilmirəm.

- Nə etməyi planlaşdırırsız? Hansısa təkliflər və ya yenidən Bakı klublarında oynamaq variantınız varmı?
- Hələ bu barədə danışmaq tezdir. Növbəti mövsümə qədər yetərincə vaxt var.

- “Lokomotiv”dən getdikdən sonra onun oyununu izləyirsizmi?
- Əlbəttə, hər oyununa baxıram. Ümid edirəm ki, komanda uğurlu çıxış edəcək. “Azərreyl”ə isə Çempionlar Liqasında uduzduqlarına görə təəssüf hissi keçirdim.

- Yeri gəlmişkən, gedişinizdən sonra komandanın çıxışını necə qiymətləndirirsiz? “Lokomotiv” Çempionlar Liqasında “Azərreyl”ə, ardınca da Super Liqada “İqtisadçı”ya uduzdu...
- Bunu komanda qiymətləndirməlidir. Axı orada baş məşqçi var ki, bu onun səlahiyyətindədir. Mən artıq “Lokomotiv”in azarkeşiyəm və kluba hər şeyin yaxşısını arzulayıram. Onlar uduzanda mən məyus oluram. Qalib gələndə isə əksinə, çox sevinirəm.

- Həmin oyunlarda meydanda yeriniz görünürdümü? Əgər siz “Lokomotiv”də qalsaydız nəticə başqa cür ola bilərdimi?
- Yalnız onu deyə bilərəm ki, klub üçün bütün ürəyimi verdim və hər oyunda meydanda 100 faiz gücümü qoyurdum. İndi orada başqa toppaylayıcı var. Yəqinki, yeni oyunçular da komandanın uğuru üçün öz töhfələrini verəcəklər. Hər birinə uğurlar arzulayıram. Komanda mənsiz də “Lokomotiv”dir.

- Yadınızdadırsa, Meri Spayser “Rabitə”dən (2010/2011) gedişinizdən sonra da sizin mövqeyinizə transfer olunmuşdu. Bu dəfə isə “Lokomotiv”də mövsümün gedişində bu təkrarlandı...
- Bu sadəcə təsadüfdür.

- 1,5 mövsüm keçirdiyiniz və heyətində “Çelenc cup”, Super Liqanın gümüş medalını qazandığınız komandadan ayrılmaq nə dərəcədə çətin idi?
- Əlbəttə, mənim üçün çox çətin idi. Çünki dediyim kimi bu komandanı sevirdim və “Lokomotiv” üçün bütün enerjimi verdim. Həyatda hərdən belə şeylər də olur. Bunda dramatik nəsə yoxdur. Mənsə artıq heç nəyi dəyişə bilmərəm.

- Azərbaycandan və çıxış etdiyiniz Bakı klublarından - “Rabitə” ilə “Lokomotiv”dən hansı xatirələriniz qalıb?
- Mən çox yaxşı şeyləri xatırlayıram. Bakıdakı insanlar mehribandırlar. Onlar həmişə mənə kömək ediblər. Orada çoxlu dostlar qazandım. Azərbaycan haqda həmişə yalnız yaxşı şeyləri fikirləşəcəyəm.

- Siz klublardakı xatirələrinizdən danışmadız...
- Bəli, ötən il “Lokomotiv”lə “Çelenc cup”ı və bundan öncə “Rabitə” ilə Çempionlar Liqasının gümüş medalına sahib oldum. Bu mənim və həmin klublar üçün bu ana qədər ən böyük uğurlardır.

- Siz Azərbaycanı çox sevdiyinizi dediz və hamıdan razılıq etdiz. Bu, sizi gələcəkdə yenidən klublarımızın heyətində görməyimizə əsas verirmi?
- Bağışlayın, bu sualınıza cavab verə bilməyəcəm.

- Bəs özünüz qayıtmaq istərdizmi?
- Yalnız onu deyə bilərəm ki, həyatda heç nə məlum deyil. Mən Bakıda gələcəkdə oynayıb və ya oynamayacağım barədə isə qəti fikir söyləməkdə çətinlik çəkirəm.