Marçello Abbondanza: “Qızıl set” istəmirik
11.02.2013 - 10:24
Marçello Abbondanza: “Qızıl set” istəmirik
“Kazan “Dinamo”su çox güclü komandadı. Ancaq biz bir neçə gün öncə göstərdik ki, yenə əla komanda formalaşdırmışıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının II pley-off mərhələsində Kazan “Dinamo”su ilə oyundan öncə komandasının şanslarını dəyərləndirib. Abbondanza bildirib ki, ilk matçda 3:1 hesabı ilə qalib gəlsələr də, cavab oyununa arxayın çıxmamalıdırlar: “Ümid edirəm ki, kazanlıları Bakıda da əsas vaxtda yenəcəyik. Biz cütün taleyini “Qızıl set”ə saxlamaq istəmirik. Qızlar səfərdəki kimi meydana diqqətli çıxmalıdırlar. Amma indidən ikinci oyun barədə nəsə demək çətindir. Biz sentyabrda, hələ mövsüm başlamamış qarşımıza yüksək məqsədlər qoymuşuq. İstəyimiz də bunları həyata keçirməkdir”.

Qeyd edək ki, “Rabitə” – “Dinamo” oyunu fevralın 14-də olacaq.