“Bakıda sükan arxasına oturmağa risk etmirəm”
11.02.2013 - 13:40
“Bakıda sükan arxasına oturmağa risk etmirəm”
“Azərreyl”in voleybolçusu Anna Qrbaç vətəni Xorvatiyada müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu Azərbaycanda necə yaşamasından, komandasının hədəflərindən danışıb.

- Azərbaycandakı yaşayış səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- Ümumilikdə, orada bahaçılıqdır. Lakin benzin digər ölkələrə nisbətən ucuzdur və cəmi 55 sentdir. Düzdür, Bakıda maşın idarə etmirəm. Fikrimcə, belə daha düzgündür. Çünki həddən artıq avtomobil olduğundan Bakıda sükan arxasına oturmağa risk etmirəm.

- Bu ölkənin mentalitetinə necə uyğunlaşa bilirsiz?
- Azərbaycanda mentalitet fərqlidir. Amma artıq buna uyğunlaşmışam.

- Qidalanma baxımından hansısa problemlə üzləşmisiz?
- Orada istədiyim donuz ətini tapa bilmirəm. Vətənə qayıdan kimi doyunca yeyib-içmək istəyirəm. Çünki orda yaxşı qəhvə də içə bilmirəm. Bakıda hər yerdə çay içirlər.

- Bəs Bakıda boş vaxtlarınızı necə keçirirsiniz?
- Asudə vaxtım elə də çox olmur. Şəhərin bu başından o başına getməli oluruq. Günboyu məşq edir, vaxtımızı Voleybol Federasiyası tərəfindən tikilən kompleksdə keçiririk. Yalnız axşam öz mənzilimizə qayıdırıq.

- Azərbaycanda oynamağınızdan razısızmı?
- Mən “Azərreyl”dən aldığım təklifi qəbul etməyimdən razıyam. Ölkənin aparıcı klublarından birində oynamaq xoşdur. Hazırda komandamız Super Liqanın liderləri sırasındadır. Hər şey yaxşı getsə, çempionluğu bayram edərik.

- Çempionlar Liqasındakı hədəfiniz nədir?
- Məqsədimiz “Dördlər finalı”na yüksəlməkdir. İstanbuldakı yarışa qatılmaq üçün əlimizdən gələni edəcəyik.