“Yeni gələndə Bakıda mənə çox çətin idi” - MÜSAHİBƏ
12.02.2013 - 00:02
“Yeni gələndə Bakıda mənə çox çətin idi” - MÜSAHİBƏ
“Lokomotiv”lə “Çelenc Cup”ı qazanan və Super Liqanın gümüş mükafatına sahib olan, hazırda Rumıniyanın “Ştiinta” klubunun şərəfini qoruyan Kremena Kamenovanın apasport.az saytına müsahibəsi

- 3 il Azərbaycan Super Liqasında oynadıqdan sonra Rumıniyada çıxış edirsiz. Orada işləriniz necə gedir?
- İndi oynadığım “Ştiinta” çox yaxşı komandadır. Təbii ki, Azərbaycanla müqayisədə Rumıniyada voleybola münasibət fərqlidir. Burada idmanın bu növünü o qədər də çox sevmirlər. Rumıniyada həndbol populyardır və daha çox sevilir.

- Azərbaycandan getdikdən sonra voleybolumuzda baş verənləri, şərəfini qoruduğunuz “Lokomotiv”in çıxışını, Super Liqanı izləyirsizmi?
- Əlbəttə, bütün oyunlara baxıram. Axı, mən Bakıda 3 il yaşamışam... Ümid edirəm ki, “Lokomotiv” yenə də ötən ilki kimi yüksək pillələrdən birində olacaq.

- Ölkəmizdəki 3 ili necə xatırlayırsız? Azərbaycanla bağlı yadınızda nə qalıb?
- Yeni gələndə Bakıda mənə çox çətin idi. Çünki rus dilini bilmirdim, ünsiyyət qurmaqda problem yaşayırdım. Bakıda isə heç kimi tanımırdım. Sonradan orada necə yaxşı insanların olduğunu gördüm. Necə də yaxşı komandamız vardı! Bundan sonra Bakını öz doğma şəhərim kimi qəbul etdim. Artıq hər şeydən xoşum gəlirdi. Super Liqaya isə söz ola bilməz. Mövsümdən mövsümə çempionat daha da güclənirdi. Sonuncu il isə möhtəşəm alındı. Super Liqada ikinci, “Çelenc Cup”da birinci olduq. Belə uğurlar hər oyunçuya nəsib olmur. Bunlar sadəcə, bir xəyal idi. Çox sevinirəm ki, bu möhtəşəm uğurlarda pay sahibi oldum.

- İlk vaxtlar rus dilini bilməməyinizin əziyyətini çəkməyinizdən danışdız. Yəqin ki, 3 il ərzində rus dilini kifayət qədər öyrənmisiz. Bəs Azərbaycan dilində nəsə bilirsizmi?
- Azərbaycana gələndə ümumiyyətlə rusca bilmirdim. Sonra isə danışmağı öyrəndim. Azərbaycan dilində də müəyyən sözlər öyrənmişdim. Amma artıq onlar da yadımdan çıxıb. Axı necə vaxtdır onları işlətmirəm...

- “Lokomotiv”in əsas heyətində Diana Nenova və Mariya Filipova ilə birgə bolqar “üçlüyü” idiniz. Siz getdiniz, ardınızca Diana da komandadan kənarlaşdırıldı. Kapitanın gedişini necə qəbul etdiz?
- Mən bunu gözləmirdim. Nə baş verdiyini, səbəblərini bilmirəm.

- Ölkəmizi tərk etdikdən sonra Diana və digər komanda yoldaşlarınızla əlaqə saxlamırsız?
- Yox.

- Bakıda boş vaxtlarınızı necə keçirirdiz, harada istirahət edirdiz?
- Təəssüf ki, Xəzər dənizində ola bilmədim. Əvəzində, Bakının çox yaxşı restoranlarında oldum, şəhəriniz isə ümumiyyətlə gözəldir. Burada gəzməli, görməli yerlər kifayət qədərdir.

- Yenidən Azərbaycanda oynamaq istərdizmi? Klublarınızdan təklif alarkən bunu necə dəyərləndirərsiz və ya ürəyinizdən hansı komandamızda oynamaq keçir?
- Azərbaycan və Bakı ilə bağlı çox yaxşı xatirələrim qalıb. Buna baxmayaraq, yenidən ölkənizə gəlmək haqda indidən nəsə deyə bilmərəm. Buna mövsümün sonunda baxarıq. Mən 3 il “Lokomotiv”də çıxış etmişəm. Bunun üçün indi başqa klubunuza gəlməyimin necə qarşılanacağını bilmirəm. Sizin yaxşı çempionatınız var. Buna görə də hər bir oyunçu Bakıda oynamağa sevinər.
0