“Azərreyl”in baş məşqçisi: Real şansı əldən qaçırdıq
13.02.2013 - 13:35
“Azərreyl”in baş məşqçisi: Real şansı əldən qaçırdıq
“Biz İtaliyadakı məğlubiyyətdən sonra çox məyus idik. Çünki ilk oyunda qalib gəlməyimiz real idi və bu imkanı əldən qaçırdıq” Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Alessandro Çiappini deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının 1/3 final mərhələsində İtaliyanın “Yamamay” klubu ilə bu gün keçirəcəkləri cavab oyunu barədə danışıb.

Çiappini bildirib ki, ilk matçda 2:3 hesabı ilə uduzmalarına baxmayaraq, İstanbuldakı “Dördlər finalı”na düşmək şansları az deyil: “İstənilən halda, məğlubiyyəti başdan atıb, ikinci matça tam köklənmişik. Əminəm ki, biz “Dördlər finalı”na vəsiqəni əldə edə bilərik”.

Qeyd edək ki, Voleybol Mərkəzində olacaq görüş saat 18:00-da başlayacaq.