“Rabitə” və “İqtisadçı”dan növbəti qələbə - YENİLƏNİB
25.02.2013 - 20:58
“Rabitə” və “İqtisadçı”dan növbəti qələbə - YENİLƏNİB
Bu gün Super Liqada XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in istirahət etdiyi gündə mərkəzi oyun “Rabitə” ilə “Lokomotiv” arasında olub.

Matçın ilk 2 dövrə ilə müqayisədə daha gərgin keçsə də, eyni hesab qeydə alınıb. Belə ki, görüş “Rabitə”nin üstünlüyü ilə başlayıb. Bunun nəticəsi olaraq, Azərbaycan çempionu ilk setdə hər 2 texniki fasiləyə 2 top irəlidə yollanıb. “Lokomotiv” ara-sıra fərqli azaldıb, hətta bərabərləşdirsə də, sonda qalib tərəf Marçello Abbondanzanın yetirmələri olublar – 25:20.

İkinci hissədə isə ssenari dəyişib. Son mövsümün qızıl və gümüş mükafatçılarının duelində bu dəfə üstünlük “dəmiryolçular”ın tərəfinə keçib. Onlar ilk texniki fasilədə 4, ikinci texniki fasilədə 5 top öndə olublar. Bu gedişat sona kimi davam edib və “Lokomotiv” seti aktivinə yazmaqla status-kvonu bərpa edib – 1:1.

Üçüncü hissədə uduzacaq komanda ən azı 1 xal itirəcəyindən tərəflərin setə gərgin başlayacağı gözlənilirdi. Lakin ikinci setdəki məğlubiyyət “Rabitə”ni düşdüyü çətin vəziyyətdən çıxarıb və onlar öz oyunlarını tapıblar. Bu səbəbdən də “Lokomotiv” çətinliklərlə üzləşib. İlk texniki fasiləyə 3 top geridə çıxan “dəmiryolçular” ikinci 30 saniyəlik “istirahət”də 9 top arxada olublar. Setin sonlarına yaxın isə “Rabitə” daha yaxşı mübarizə apararaq, yenidən hesabda önə keçib – 2:1.

Dördüncü set oyunun hesabını müəyyənləşdirib. Üstünlük gah “Rabitə”nin, gah da “Lokomotiv”in tərəfində olsa da, sonda daha dəqiq oynayan nominal ev sahibləri ardıcıl 3 qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

*****

Tura “İqtisadçı” – “Lokomotiv-Biləcəri” qarşılaşması ilə start verilib. Bu mövsüm əla oyun nümayiş etdirən universitet komandası növbəti 3 xalını asan bayram edib.

Yarandığı 2 ildə qələbə həsrəti ilə yaşayan Biləcəri təmsilçisi yalnız ilk setdə rəqibinə bir qədər müqavimət göstərib. İkinci hissədə daha asan təslim olan “Lokomotiv Biləcəri” üçüncü setdə əsasən “İqtisadçı”nın səhvlərindən yararlanıb. Buna baxmayaraq, universitet komandası onlara ilk 2 dövrədəki kimi 1 set belə güzəştə getməyib.

*****

Günün ikinci - “Bakı-Azəryol” – “Telekom” matçında da birincilər gözlənilən qələbəni qazanıblar. Təcrübəli voleybolçulardan təşkil olunan Aleksandr Çervyakovun komandası debütanta heç bir şans verməyərək, mövsümdə 7-ci qələbəsini aktivinə yazıb.

“Telekom” bütün oyunlarında olduğu kimi yenə görüşün əvvəlində layiqli mübarizə aparıb. Lakin “Bakı-Azəryol” gənclərin yer aldığı klubla qarşılaşmada ehtiyatı əldən verməyib. İlk setdə 25:18 hesabı ilə qalib gələn komanda ardınca hissəni 4 top irəlidə bitirib. Bundan sonra ruhdan düşən “Telekom” üçüncü setdə 11:25 hesabı ilə uduzub.

*****

Beləliklə, XVI turda da turnir cədvəlində hansısa dəyişiklik olmayıb. Liderlər – “Rabitə” və “İqtisadçı” növbəti qələbələrini qazandıqlarından müvafiq olaraq, birinci və ikinci pillədəki yerini qoruyub. İlk “üçlüyü” ehtiyatda 2 matçı qalan “Azərreyl” qapayır. “Lokomotiv”in onları qabaqlamasına isə “Rabitə” imkan verməyib.

XVI tur
25 fevral

“İQTİSADÇI” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:17; 25:11; 25:18)
İlk oyun: “Lokomotiv Biləcəri” – “İqtisadçı” - 0:3 (21:25, 16:25, 10:25)
İkinci oyun: “İqtisadçı” – “Lokomotiv-Biləcəri” - 3:0 (25:13, 25:11, 25:16)


“TELEKOM” – “BAKI-AZƏRYOL” - 0:3 (18:25; 21:25; 11:25)
İlk oyun: “Telekom” – “Bakı-Azəryol” - 0:3 (22:25, 10:25, 14:25)
İkinci oyun: “Bakı-Azəryol” – “Telekom” - 3:0(25:17, 25:20, 25:18)

“RABİTƏ” – “LOKOMOTİV” - 3:1 (25:20, 21:25, 25:14, 31:29)
İlk oyun: “Rabitə” – “Lokomotiv” - 3:1 (25:19, 15:25, 25:21, 25:21)
İkinci oyun: “Lokomotiv” – “Rabitə” - 1:3 (29:27, 15:25, 17:25, 10:25)

1
Rabitə
13
11
2
36-12
1181-971
34
2
İqtisadçı
13
11
2
36-13
1161-968
32
3
Azərreyl
11
8
3
26-11
905-769
24
4
Lokomotiv
13
7
6
28-20
1084-1013
22
5
Bakı-Azəryol
14
7
7
25-25
1118-1097
20
6
Telekom
14
2
12
6-36
771-1015
6
7
Lokomotiv Biləcəri
14
0
14
2-42
708-1095
0