Foluke Akinradevo: Belə qrafik mənə xoş deyildi - MÜSAHİBƏ
27.02.2013 - 11:35
Foluke Akinradevo: Belə qrafik mənə xoş deyildi - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Foluke Akinradevo Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, amerikalı legioner komandasının “Dördlər finalı”na yüksəlməsindən, İstanbulda keçiriləcək həlledici mərhələdə məqsədlərindən və Bakıdan danışıb.

- Çempionlar Liqasının “Dördlər finalı”na yüksəlməyinizi necə qarşıladınız?
- Çox həyəcanlı idim. Komandamız oyundan-oyuna daha yaxşı çıxış edir. Fikrimcə, hər oyunumuz artıq əla alınır. “Dördlər final”ına asan yol qət etmədik. Ancaq mən gördüyümüz işlə həqiqətən də fəxr edirəm.

- Kazan “Dinamo”su ilə matçın nəticəsinə baxsaq, belə təəssürat yaranır ki, sizin üçün asan qarşılaşma olub. Ancaq rəqib sona kimi mübarizə apardı...
- Bəli, doğrudur. “Dinamo” yaxşı komandadır. Heyətində Qamova, Larson, Boun kimi voleybolçular var. Əlbəttə, belə güclü oyunçulara qarşı mübarizə aparmaq bizim üçün çətin idi. Ancaq biz öz oyunumuzu göstərməyə çalışırdıq. Taktiki plana xüsusi diqqət yetirirdik. Bu matçlara hazırlaşmağa da çoxlu vaxtımız olmuşdu. “Dinamo”nun bir çox oyunlarını izlədik və sözsüz ki bu, bizə kömək oldu.

- “Dördlər finalı”ndakı rəqibləriniz - “Yamamay”, “Qalatasaray” və “Vakıfbank” barədə nə deyə bilərsiz?
- Bilirsiniz, bu müddətdə Super Liqada bir neçə oyunumuz olduğundan hələ videoları tam izləməmişik. Ancaq öz oyunumuza köklənməyə çalışacağıq. Onda biz ciddi rəqib olacağıq. “Dördlər finalı”nda hər 3 rəqibimizin isə güclü olduğunu deyə bilərəm. Müəyyən mənada çətin olacaq. Ancaq ilk növbədə özünə, işinə oriyentasiya olsaq, mənə elə gəlir ki, yaxşı nəticə qazanmaq üçün əla şansımız var.

- Siz Katarjina Skorupa ilə blokda əla, çox ağıllı duet təşkil edirsiz. Onunla oyununuz sizdə hansı təəssürat oyadır?
- Komandada belə toppaylayıcının olması fantastikadır. Bir-birimizlə çox gözəl anlaşırıq. Mənim komandada digər qızlarla da artıq oyunum yaxşı alınır. Bir-birimizlə həmişə kompromisə getməyə hazırıq. Şadam ki, Skorupa ilə bu mövsüm birgə oynamaq şansı qazandım.

- Azərbaycan Super Liqası necə keçir? Hərdən 3 gündən bir oynayırsız, hərdən 2 həftə oynamırsız. Sizə bir az ritmi çatmır...
- Haqlısız, bu, bir az ziddiyyətdir. Məsələn, biz cümə axşamı, şənbə oynamırıq. Həftənin müəyyən günlərində matçın olması demək olar davam edir. Ancaq digər tərəfdən iş liqanın səviyyəsinə gəlirsə, çox yüksəkdir. Klublarda belə güclü legionerlərin olması yaxşı qərardır. Super Liqada onlara qarşı oynamaq səviyyəmizi daha da artırmağa imkan verəcək.

- Bakı xoşunuza gəlirmi?
- Çox! Əlbəttə, mən hamının adından danışa bilmərəm, ancaq əgər öz fikrimi bilmək istərsizsə, bura həqiqət çox xoşuma gəlir. Mən ötən mövsüm Rusiyada oynayırdım. Ora faciəvi olmasa da, mənim üçün çox çətin idi. Mövsümün böyük hissəsində komandada yeganə legioner idim. Məndən fərqli, komanda yoldaşlarım yalnız rusca danışırdılar. Buna görə də 5-6 ay ərzində tənha idim. Bakıda isə özümü gözəl hiss edirəm. Çünki komandadakı dostlarım ingiliscə danışır. Bakı inkişaf edir, müasirləşib. Buna görə də Rusiya ilə müqayisədə buraya uyğunlaşmağım mənim üçün asan oldu.

- Siz indiyədək çıxış etdiyiniz Yaponiya və Rusiyada səfər oyunları üçün böyük yollar qət edirdiz. Azərbaycanda isə belə deyil...
- Bəli. Çox səyahət etməyi xoşlamıram. Onu nəzərdə tuturam ki, yeni yerlərə baş çəkməyi sevirəm. Ancaq hava limanında oturmaq, yaxud təyyarədə uzun müddət yol getməkdən zəhləm gedir. Buna görə də həmin ölkələrdə uyğunlaşmaq çətin idi. Vaxtın çox hissəsini təyyarədə və ya hava limanında keçirməli olurduq. Harasa hərəkət etməyi sevməyən bir insan kimi mənə belə qrafik xoş deyildi. Bax, ona görə Bakını sevirəm ki, bütün klublar bir şəhərdəndir. Matçları eyni zalda keçiririk, oraya yetişməyə maksimum 15-20 dəqiqə vaxtım gedir. Bu mənim üçün müəyyən üstünlükdür.