Yovana Brakoçoviç: Göylərdə uçuram
14.03.2013 - 12:26
Yovana Brakoçoviç: Göylərdə uçuram
“Vakıfbank”ın voleybolçusu Yovana Brakoçoviçin apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına müsahibəsi

- Çempionlar Liqasının qalibi olduz. Təəssüratlarınız necədir?
- Hər şey bizim üçün oldu, hədəfimizə çatdıq. Hazırda Avropa çempionu olmağımızın xoşbəxtliyini və qürurunu yaşayırıq. Belə sevinc karyeramda hələlik ilkdir və bunun üçün göylərdə uçuram.

- Finalda oynadığınız “Rabitə”nin çıxışını necə dəyərləndirərdiz?
- Bakı klubu həqiqətən çox güclüdür. Onları 3:0 hesabı ilə udacağımızı heç birimiz gözləmirdik. Çünki dünyanın ən güclü komandalarından biridir. Onlar finalda da zəif oynamadılar. Sadəcə, bizdə hər şey əla alındı və yaxşı çıxış etdik. Buna görə də çempion olduq.

- Bəlkə qələbənizdə azarkeş amili də rol oynadı...
- Təbii ki, yarışın İstanbulda keçirilməsi də xeyrimizə oldu. Azarkeşlər möhtəşəm idi və bizə əlavə güc verirdilər. Biz də onları qələbəmizlə sevindirdik.

- Belə demək olarmı ki, “Dördlər finalı”nı öncəsi “Rabitə” ilə oyuna ciddi hazırlaşmışdız.
- Bəli, bunu hamı proqnoz kimi deyirdi. Bütün mütəxəssislər “Vakıfbank”la “Rabitə”nin final oynayacağını söyləyirdilər. Belə də oldu. Amma deyim ki, biz Avropanın ən möhtəşəm heyətlərindən biriyik. Bunu “Dördlər finalı”nda bir daha göstərdik. Bu heyətlə biz dünyada bir çox komandanı rahat keçərik.

- Yarışın ən dəyərli olmasını necə gözləyirdizmi?
- Burada şəxsi göstəricilər də əsasdır. Çünki qitədə fərqlənməyin öz yeri var. Bütün nominasiyalarda uğurlu seçim oldu. Serbiya yığmasında komanda yoldaşım, hazırda “Rabitə”də oynayan Nataşa Krsmanoviçin də fərqlənənlər arasında olması məni çox sevindirdi.

- Komandanız 36 oyundur uduzmur. Bunun sirri nədədir?
- Mənə mövsümün əvvəlində bir çox təkliflər oldu. Ancaq indi görürəm ki, düz seçim etmişəm. Çünki burada yuxulardakı kimiyəm. Türkiyədə voleybol sevilən bir idman növüdür və artıq “Vakıfbank” da növbəti dəfə Avropanın ən güclüsüdür. Qələbələrimizi sıralamağımıza gəldikdə, bizim kollektiv çox mehribandır və Covanni Qudetti kimi möhtəşəm bir çalışdırıcımız var. Hələ çox uğurlara imza atacağıq.