Andre Meyer: “Qızıl set” qaydaları 2015/16 mövsümündən dəyişəcək
16.03.2013 - 13:51
 Andre Meyer: “Qızıl set” qaydaları 2015/16 mövsümündən dəyişəcək
Voleybolun qaydalarında dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer açıqlayıb.

O, neçə vaxtdır müzakirə olunan “Qızıl set”in ləğvi məsələsi ilə bağlı qərar verildiyini bildirib. Belə ki, avrokuboklarda tətbiq olunan bu qaydanın ləğv olunacağı zaman da məlumdur. Artıq 2015/16 mövsümündən etibarən “Qızıl set”in mövcudluğu qismən aradan qaldırılıb.

Meyer bunu belə izah edib: “Hər komandanın 1 oyunda qələbə qazandığı vaxt ehtiyac duyulan “Qızıl set” əksər məşqçilərin narazılığına səbəb olur. Hamı narazı olmasa da, irad bildirənlər kifayət qədərdir. Klublar bizim üçün dəyərlidir və onların fikirlərinə hörmətlə yanaşırıq. CEV 2015/16 mövsümündən “Qızıl set” qaydalarını dəyişəcək. Bundan sonra isə yarışa idman prinsipini qaytaracağıq. Qələbələrə görə komandalar xal alacaq. 3:0 və 3:1 hesablı qələbələr 3, 3:2 hesablı qələbə isə 2 xal gətirəcək. Xallar bərabər olduğu halda “Qızıl set” keçiriləcək”.

Meyerin sözlərindən belə aydın olur ki, çempionatda olduğu kimi kubok matçlarında da 3:2 hesablı qələbənin dəyəri aşağı düşüb. İndi 3:0 və ya 3:1 hesabı ilə qalib gələn komanda cavab matçını 5 setdə uduzsa da mərhələ keçəcək. Ya da əksinə, 5 setdə uduzan komanda cavab oyununu “Qızıl set”siz bitirmək üçün 3-4 setdə qalib gəlməlidir.