Klublararası dünya çempionatının məkanı dəyişdirildi
11.04.2013 - 08:37
Klublararası dünya çempionatının məkanı dəyişdirildi
Qadın və kişi voleybolçular arasında klublararası dünya çempionatını qəbul edəcək şəhərlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2009-cu ildən Qətərin paytaxtı Dohanın ev sahibliyi etdiyi yarış bu il 2 ayrı ölkədə baş tutacaq.

Belə ki, qadın voleybolçular İsveçrənin paytaxtı Sürixdə münasibətlərinə aydınlıq gətirəcəklər. Yarış oktyabrın 8-də başlayıb, 13-də başa çatacaq. Kişi komandalar isə Braziliyada güclərini yoxlayacaqlar (15-20 oktyabr).

Beynəlxalq Voleybol Federasiyası hər 2 ölkəyə 3 illik lisenziya verib. Hələlik isə dünya çempionatında 2 – Avropa Çempionlar Liqasının qalibləri – “Vakıfbank” (Türkiyə, qadınlar) və “Lokomotiv”in (Rusiya, kişilər) iştirakı dəqiqdir. Digər qitələrin çempionları müəyyənləşdikdən sonra turnirin püşkatması olacaq.

Qeyd edək ki, son 2 ildə Azərbaycanı uğurla mundialda təmsil edən “Rabitə”nin yenidən yarışa qatılması mümkündür. Çempionlar Liqasının finalında oynamış dünya çempionlarına yeganə “wild card” verilə bilər. Lakin “güzəştli kart”ın ev sahibləri “Volero”ya da verilməsi istisna deyil.