“Rabitə” çempionluğa bir addım da yaxınlaşdı - YENİLƏNİB
11.04.2013 - 19:34
“Rabitə” çempionluğa bir addım da yaxınlaşdı - YENİLƏNİB
Bu gün Super Liqada XXIII turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in istirahət etdiyi turun mərkəzi qarşılaşmasında “Lokomotiv”lə “Rabitə” üz-üzə gəlib.

Oyunun gərgin keçəcəyi proqnozlaşdırılsa da, son illərin dəyişməz çempionu olan Marçello Abbondanzanın yetirmələri yenə “dəmiryolçular”a heç bir şans verməyib. Düzdür, “Rabitə” qələbələri sıralamaqla çempionluğu vaxtından əvvəl bayram etməyi planlaşdırdığı halda, vitse-çempion “Lokomotiv” də ilk “üçlüy”ə düşmək üçün bu matça xüsusi motivasiya ilə çıxıb. Onlar bu istəklərini ortaya qoymaq üçün görüşə də iddialı başlayıblar. “Lokomotiv” hətta ilk setin ikinci texniki fasiləsinə 9 top da öndə çıxıb. Amma bu, “Rabitə”ni ruhdan salmayıb və onlar əzmkarlıq sayəsində öncə hesabı bərabərləşdirib (23:23), ardınca isə inamlı qələbə qazanıblar – 25:23.

İkinci hissədə “Lokomotiv” eyni uğuru təkrarlamağa çalışıb. Lakin setboyu hesabda geri olan “dəmiryolçular” tarazlıq yaratsalar da (23:23), sonda sevinə bilməyiblər. “Rabitə” bu dəfə 30:28 hesabı ilə qalib gəlib.

Üçüncü setdə isə “Lokomotiv”in bütün gücünü ortaya qoyacağı gözlənilirdi. Çünki bundan öncəki 3 görüşdə onlar ən azı 1 setdə də olsa qələbə qazanmışdılar. Lakin bu dəfə “dəmiryolçular” bunu bacarmayıblar. Yenə də “Rabitə” üstün oynayaraq, matçın yekun hesabını müəyyənləşdirib – 3:0.

*****

Günün açılış - “İqtisadçı” - “Lokomotiv Biləcəri” görüşündə yenə “tələbələr” asan qələbə qazanıb. Baş məşqçiləri Kiattiponq Radçataqriaqkranın oyun öncəsi komandadan qovulması, onun Fərid Cəlalovla əvəzlənməsi voleybolçularda sanki əlavə ruh yüksəkliyi yaradıb.

İlk setdə 6 top fərqli ilə qalib gələn universitet klubu ardınca hissəni 11 top irəlidə bitirib. Üçüncü setdə isə “İqtisadçı” daha inamlı təsir bağışlayıb və 25:10 hesabı ilə qalib gəlib. Bununla da onlar “Lokomotiv Biləcəri”ni hər 4 dövrədə 3:0 hesabı ilə məğlub ediblər.

*****

“Bakı-Azəryol” – “Telekom” görüşündə yenə də birincilər üstün olub. Vüqar Əliyevin yetirmələri gənclərdən qurulmuş debütanta mövsümdə ilk 3 matçdakı kimi 1 set də belə uduzmayıblar. Düzdür, oyunboyu “Telekom” rəqibinə ciddi müqavimət göstərib və başabaş oynayıb. Lakin yekunda təcrübəsizlik onların son nöqtəni qoymasına mane olub və “Bakı-Azəryol” 4-cü dəfə “quru hesabla” qalib gəlib.

*****

Beləliklə, növbəti 3 xalını qazanan “Rabitə” çempionluğa bir addım da yaxınlaşıb. “İqtisadçı” “Azərreyl”in istirahət etməsindən istifadə edərək, müvəqqəti də olsa ikinci pilləyə yüksəlib. “Lokomotiv” isə ilk “üçlükdən” bir qədər də uzaqlaşıb. Super Liqanın gümüş mükafatçıları ehtiyatda bir oyunu olan və 3-cü yerdə qərarlaşan “Azərreyl”dən 5 xal geri qalırlar.

XXIII tur

“Lokomotiv Biləcəri” – “İqtisadçı” - 0:3 (19:25; 14:25; 10:25)
Birinci oyun: “İqtisadçı” – “Lokomotiv-Biləcəri” - 3:0 (25:13, 25:11, 25:16)
İkinci oyun: “Lokomotiv Biləcəri” – “İqtisadçı” - 0:3 (21:25, 16:25, 10:25)
Üçüncü oyun: “İqtisadçı” – “Lokomotiv Biləcəri” - 3:0 (25:17; 25:11; 25:18)


“Bakı-Azəryol” – “Telekom” - 3:0 (25:19; 25:22; 25:18)
Birinci oyun: “Telekom” – “Bakı-Azəryol” - 0:3 (22:25, 10:25, 14:25)
İkinci oyun: “Bakı-Azəryol” – “Telekom” - 3:0 (25:17, 25:20, 25:18)
Üçüncü oyun: “Telekom” – “Bakı-Azəryol” - 0:3 (18:25; 21:25; 11:25)


“Lokomotiv” – “Rabitə” - 0:3 (23:25, 28:30, 21:25)
Birinci oyun: “Rabitə” – “Lokomotiv” - 3:1 (25:19, 15:25, 25:21, 25:21)
İkinci oyun: “Lokomotiv” – “Rabitə” - 1:3 (29:27, 15:25, 17:25, 10:25)
Üçüncü oyun: “Rabitə” – “Lokomotiv” - 3:1 (25:20, 21:25, 25:14, 31:29)

1
Rabitə
19
17
2
54-13
1659-1306
52
2
İqtisadçı
20
14
6
48-25
1701-1462
42
3
Azərreyl
19
13
6
44-22
1553-1386
40
4
Lokomotiv
20
12
8
44-31
1697-1579
35
5
Bakı-Azəryol
20
10
10
36-35
1572-1556
29
6
Telekom
20
2
18
7-54
1100-1480
6
7
Lokomotiv-Biləcəri
20
1
19
5-58
1036-1550
3