“Əlimizə pişik başı olan döymə vurdurduq” - MÜSAHİBƏ
16.04.2013 - 09:07
“Əlimizə pişik başı olan döymə vurdurduq” - MÜSAHİBƏ
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova rsport.ru saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan hücumçu Rusiya Superliqasında cari mövsümün gedişindən, ən məhsuldar oyunçulardan biri olmasından və klubu ilə müqaviləsini uzatmasından danışıb.

- “Omiçka” pley-off mərhələsinin ikinci görüşündə Krasnodar “Dinamo”su üzərində 3:0 hesablı qələbə qazanmaqla, oyunlarda hesabı bərabərləşdirdi. Qalib gəldiyiniz görüş barədə nə deyə bilərsiz?
- Oyuna yaxşı köklənmişdik. Fikirləşdiyimiz bütün taktikanı həyata keçirdik. Halbuki, heç kim oyunun 3 setdə qurtaracağını gözləmirdi. Bir neçə səhv dalbadal olanda komanda ruhdan düşür. Əgər vaxtında bu “qara zolağı” dayandırmasan, onda eniş başlayır. Bu zaman rəqibə çatmaq çətindir. Biz isə öz səhvlərimizi vaxtında dayandıra bildik. Bundan sonra dərhal yüksəliş başladı. Hər top uğrunda mübarizə apararaq, qalib gəldik. Bunların hamısı Krasnodarda da olmuşdu. Ancaq evdə daha yaxşı oynadıq.

- Həm sizin, həm də komandanızın digər voleybolçularının əllərində “Dinamo” ilə cavab oyunu öncəsi döymə vardı. Bu haradan idi?
- Biz bununla daha sıx birləşməyə çalışırdıq. Valentin Günündə CEV kubokunda oyunumuz vardı və bütün komanda ilə özümüzdə ürək şəkli çəkdirməyi qərara aldıq. Yeri gəlmişkən, bunu heç də hamı etmədi. İndi isə pley-off gedir, evdə oynayırıq və buna görə də hər matça daha yaxşı köklənməliyik. Bunun üçün hər birimiz əlimizə pişik başı olan döymə vurdurduq. Bu, cari mövsümdə “Omiçka”nın rəmzidir. Əlbəttə, döymə daimi deyil, müvəqqətidir.

- Sizdə oyunda sabitlik baxımından hər şey qaydasındadır. Cari mövsümdə 557 xal toplamaqla ən məhsuldar oyunçular siyahısına başçılıq edirsiz. Özü də bu zaman 1000-dən çox hücum etmisiz. Komandanın lideri olmaq nə deməkdir?
- Bu haqda düşünməmişəm. Əgər mənə hücumların sonunda çoxlu zərbələri vurmaq etibar olunursa, özümü, komandanı pis vəziyyətdə qoymamalı, onu arxamca daşımalıyam. Mən də bunu etməyə çalışıram. Mən dəqiq zərbə vururam, daha çox ötürmə alıram və beləcə xallar yığılır. Hər şey bu cür asandır.

- Bəs oyuna necə hazırlaşırsız?
- Bizim öz sistemimiz, rejimimiz var. Bu matça 1 gün qalmış və oyun günü ilə bağlıdır. Qarşılaşma günü məşqimiz olur, sonra videoya baxırıq və nahar edirik. Baza və ya otelə birgə getmirik. Hamı oyuna ayrıca hazırlaşır. Kimsə yatır, kimsə musiqiyə qulaq asır. Bundan sonra avtobusa yığışaraq, oyuna gedirik. Yəni belə addım-addım hərəkət etmək bizə matça yaxşı köklənməyə kömək edir. Hər şey adi sxemdə olanda isə nəsə boşalma olur. Mən həmişə görüşə özüm köklənirəm. Bunun üçün mən heç bir xüsusi mahnı qulaq asmıram və ya film izləmirəm.

- Əgər “Omiçka” yarımfinala çıxarsa, nəyə ümid edə bilər? İkinci “dördlük”dən olan komandalara liderlərlə mübarizə aparmaq nə dərəcədə realdır?
- Yarımfinala çıxsaq, elə lider Kazan “Dinamo”su ilə düşürük. Bu komanda hamını çox elementlərdə qabaqlayır. Moskva “Dinamo”su ilə mövsümün gedişində 2 dəfə görüşmüşük və hər ikisində 2:3 hesabı ilə uduzmuşuq. Güclü klubdur, ancaq bizim oyunçular heç də onlardan pis deyil. Buna görə də hər şey realdır. Ancaq bunun üçün gərək Krasnodarda qalib gələsən.

- “Omiçka” ilə müqaviləni niyə mövsüm bitdikdən sonra deyil, çempionatın qızğın vaxtında uzatdınız?
- Mən heç vaxt dərhal 2 illik müqavilə imzalamıram. Bu özünü doğrultmur. Ola bilər ki, sən gənc oyunçu olanda kluba orada möhkəmlənmək perspektivi ilə gəlirsən və bu zaman 2 illik anlaşma imzalamağa dəyər. Ancaq şəxsən mən risk etmək istəmirəm. Birdən mənim xoşuma gəlmədi, yaxud məşqçinin sisteminə uyğun gəlmədim. “Omiçka”da isə mənim üçün hər şey optimal ssenari ilə getdi. Bizim yaxşı, mehriban komandamız var ki, onun özəyi növbəti mövsümə qalır. Baş məşqçimiz Zoran Terziç klubda işini davam etdirəcək. Ondan soruşublar ki, məni komandada görmək istəyirmi? Sonda biz qarşılıqlı razılıqla müqaviləni daha 1 illiyə uzatdıq.

- Terziç məşqçi kimi necədir?
- Kişi məşqçiyə qadın komandasında işləmək üçün çox yaxşı psixoloq olmaq lazımdır. Bu amil Zoranda alınır. Əsasən sakit, hörmətlə ünsiyyət qurur. Ancaq bilir ki, komandanın oyununu artırması üçün nə vaxt qışqırmaq lazımdır. Biz məşqdən kənarda daima onunla birgə olmuruq. Buna görə də Terziç haqda əlavə nəsə deyə bilmərəm. Ancaq mütəxəssis kimi yetərincə bacarıqlıdır.

- Azərbaycan millisinin düşərgəsinə nə vaxt yollanacaqsız?
- Bizdə Bakıda dünya çempionatının II seçmə oyunları olacaq. Buna görə də mən komandaya mayda, ilk mərhələ gedəndə deyil, sonra qoşulacam. Bizə hələ Avropa çempionatına da hazırlaşmaq lazımdır.