“Bizim komanda hər yerdə qalib olmaq istəyir” - MÜSAHİBƏ
17.04.2013 - 11:21
“Bizim komanda hər yerdə qalib olmaq istəyir” - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Angelina Qrün (Hübner) Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, məşhur idmançı “Rabitə”nin çempionluğa gedən yolundan və gələcək karyerasından danışıb.

- Legioner həyatı yaşamaq necədir?
- Bununla karyeranda maksimal arzunu həyata keçirə bilirsən. Həyatda xoşbəxt olmaq üçün qətiyyətli addım atmalı, yeni istəkləri reallaşdırmalısan. Bu, bəziləri üçün yalnız klubları dəyişmək anlamına gəlir. Mənim üçün ölkəni dəyişmək maraqlıdır və bundan yeni enerji alıram.

- “Rabitə”də planlarınız nə dərəcədə həyata keçdi?
- Bizim komanda hər zaman, hər yerdə qalib olmaq istəyir. Bu, onların əsas məqsədləridir. Bu il də bizim 3 böyük yarışımız oldu. Klublararası dünya çempionatında və Çempionlar Liqasında ikinci olduq. Ancaq daxili çempionatda hələ mövsüm davam edir və yüksəlişdəyik. Artıq növbəti çempionluğun bir addımlığındayıq.

- Azərbaycanda yaşam tərzinə nə dərəcədə uyğunlaşmısız?
- Fikrimcə, Bakı son illərdə çox dəyişib. Yeni tikintilər davam edir, həddən çox yaxşı restoranlar var. Orada hansısa çətinliklə üzləşməmişəm və dil baxımından da əziyyət çəkmirəm. Azərbaycan beynəlmiləl ölkədir, yaşam tərzi də yüksəkdir.

- Azərbaycan Super Liqasını necə xarakterizə edərdiz?
- Burada şərait yaxşıdır. Məşqçilər və voleybolçular yüksək səviyyədə qayğı ilə əhatələniblər. 7 komanda var ki, bunlardan 5-i mükafatlar uğrunda oynayır. Bakıda qeyri-adiliklər də var. Məsələn, yarış 4 dövrədən ibarətdir və zalda 1 gündə ardıcıl 3 matç keçirilir. Ancaq digər ölkələrdə uçuşlar olduğundan yorğunluq yaranır.

- Artıq Almaniyadan əlavə, İtaliya, Türkiyə və Rusiyada da oynamısız. Yenə arzuladığınız çempionat varmı?
- Braziliyada da oynamaq yaxşı olardı.

- Gələcək karyeranızla bağlı nə deyə bilərsiz?
- Mənim həm karyeram, həm də şəxsi baxımdan konkret planlarım var. Bunların reallaşmasını səbirsizliklə gözləyirəm.

- Bəlkə karyeranızı bitirdikdən sonra məşqçilik barədə fikirləşirsiz?
- Yox, mənim belə iddiam yoxdur. Mən ailəmin yanında olmağı üstün tuturam.