“Mükafatçılar sırasına düşə bilməmək üzücü olacaq” - MÜSAHİBƏ
22.04.2013 - 10:36
“Mükafatçılar sırasına düşə bilməmək üzücü olacaq”  - MÜSAHİBƏ
Super Liqanın XXVI turu “Lokomotiv” voleybol klubunun gümüş medallara nəzəri şanslarının da üstündən xətt çəkib. Hesabat turunda ikinci olan “Azərreyl”in qələbə qazanması onlardan 7 xal geridə olan “Lokomotiv” üçün vitse-çempionluğu əlçatmaz edib. Ötən mövsümün gümüş mükafatçısı indi yalnız 3-cü yerə nəzəri şanslarını saxlayıb. Komandanın təcrübəli voleybolçusu Vera Klimoviç apasport.az saytına müsahibəsində klubunun durumundan, son 2 turda istəklərindən danışıb. Belarus yığmasının üzvü gələcək karyerası ilə bağlı arzularını da açıqlayıb.

- Mövsümün sonuna cəmi 2 tur qalıb. Çıxışınızı necə dəyərləndirirsiz?
- Təbii ki, mükafatçılar sırasına düşmək niyyətindəydik. İndi isə yerdə qalan qarşılaşmalarda yalnız qələbəyə oynayıb, bacardığımızın ən yaxşısını göstərməliyik.

- Ötən mövsüm Super Liqanın vitse-çempionu olduz. İndi isə hətta bürünc medal belə qazanmağınız o qədər inandırıcı deyil...
- Əlbəttə, mükafatçılar sırasına düşə bilməməyimiz çox üzücü olacaq. Lakin bütün idman növlərindəki olduğu kimi voleybolda da qaliblərlə yanaşı, məğlublar da var.

- Son 2 turda sizi müvafiq olaraq, “Azərreyl” və “İqtisadçı” ilə çox çətin oyunlar gözləyir. Medallar uğrunda əsas rəqiblərinizlə matçlarda qələbəyə inanırsızmı?
- Biz bütün oyunlarda yalnız qələbəyə köklənirik. Hər qarşılaşmada qalib gəlmək üçün sonadək mübarizə aparırıq.

- “Rabitə” artıq çempiondur. Bəs sizin nəzəri şanslarınızı da itirdiyiniz ikinci yerə kimi layıq görürsüz?
- Gümüş medallar uğrunda hələ mübarizə gedir. Mən baxımlı voleybolun tərəfdarıyam. Qoy, kim güclüdürsə, o da qalib gəlsin.

- 3 ildir “Lokomotiv”in şərəfini qoruyursuz. Növbəti mövsüm üçün planlarınız necədir və sizi yenidən “dəmiryolçular”ın heyətində görə biləcəyikmi?
- “Lokomotiv”in heyətində çıxış etdiyim 3 ildə bu komanda mənim üçün doğmalaşıb. Elə qarşıdakı mövsümdə də burada qalıb, “dəmiryolçular”ın şərəfini qorumaq istəyindəyəm.