“Natalya Məmmədovaya qarşı oynamaq asan olmadı”
23.04.2013 - 14:31
“Natalya Məmmədovaya qarşı oynamaq asan olmadı”
Kazan “Dinamo”sunun böyük məşqçisi Denis Matveyev Rusiya Super Liqasının yarımfinal mərhələsində “Omiçka” ilə ilk oyunda qazanılan qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı evdə 3:1 hesabı ilə qələbə qazandıqları matçda rəqibin heyətində olan yer alan Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanı ən yaxşılardan sayıb.

Matveyevin sözlərinə görə, hücumçumuzun öhdəsindən çətinliklə də olsa gələ biliblər: “Omiçka” Krasnodar “Dinamo”sunu artıq mübarizədən kənarlaşdıran güclü komandadır. Rəqibin Əlişeva, Məmmədova kimi güclü hücumçuları var. Biz bilirdik ki, onlara qarşı oynamaq asan olmayacaq. Elə də oldu. Hansısa anda təşəbbüsü əldən verdik, ancaq matçın gedişini xarakter və blokda yaxşı oyun hesabına dəyişə bildik. Sözsüz ki, hesabda 10:17 geridə olduğumuz zamanı qazanılan qələbə komandamıza əlavə özünəinam verəcək”.

Qeyd edək ki, Məmmədova 30 xal toplayaraq, matçın ən sərrast oyunçusu olub.