Yığmalarımız üçün 12 şəhər
26.04.2013 - 08:42
Yığmalarımız üçün 12 şəhər
Kişi və qadın voleybolçular arasında 2014-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək şəhərlərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, kişilərin mübarizəsi Polşanın Vrotslav, Krakov, Lodz, Katoviş, Qdansk və Bidqoş şəhərlərində baş tutacaq. Zərif cinsin nümayəndələri isə İtaliyada 6 şəhərdə - Milan, Roma, Verona, Modena, Triest və Baridə çıxış edəcək.

Qadın yığmamız sentyabrda mübarizə aparacağı Avropa çempionatında mükafatçılar sırasına düşərsə, dünya çempionatına birbaşa vəsiqə qazanacaq. Əgər bu, mümkün olmasa, onların mundiala yolu seçmə mərhələdən keçəcək. Kişilərdən ibarət millimiz isə dünya çempionatına təsnifat mərhələsindən başlayacaq. Pleman Xristovun baş məşqçisi olduğu yığmamız ilk oyunlarını mayda Xorvatiyada keçirəcək.