“İqtisadçı”dan biri də getdi
29.04.2013 - 10:47
“İqtisadçı”dan biri də getdi
Voleybol üzrə Azərbaycan çempionatının 2 qat gümüş mükafatçısı Nansi Metkalf karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın 35 yaşlı hücumçusu yeni mövsümdən oynamayacağını bildirib.

Solaxay oyunçu artıq universitet klubu ilə vidalaşıb. Həmçinin, “İqtisadçı” yeni mövsüm üçün ona əvəzləyici də tapıb. Bakı təmsilçisinin transfer etdiyi avstraliyalı Reyçel Rurk məhz onun mövqeyində oynayacaq.

Komanda Metkalfdan öncə, mövsümün gedişində rusiyalı Nadejda Sakla, həmçinin baş məşqçilər Bülənt Karslıoğlu və Kiattiponq Radçataqriaqkra ilə də yollarını ayırmışdı. Yeni mövsümdə Çempionlar Liqasında debüt edəcəyi gözlənilən “İqtisadçı”nın heyəti yenidən quracağı da istisna deyil.

Qeyd edək ki, Nansi 2010-2012-ci illərdə “Lokomotiv”də, son mövsümdə “İqtisadçı”da oynayıb. Ötən il “dəmiryolçular”la “Çelenc Cup”ın qızıl, Super Liqanın gümüş medalını qazanan amerikalı “tələbələrlə” də Azərbaycan çempionatda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.