Özündən başqa hamıdan yaxşı - FOTO
13.05.2013 - 10:11
Özündən başqa hamıdan yaxşı - FOTO
Qadın voleybolçular arasında Rusiya Superliqasının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan Azərbaycan millisinin lideri Natalya Məmmədova çempionatın bombardiri olub.

29 matçda keçirdiyi 109 setdə 717 xal toplayan Natalya ən yaxın izləyicisi Natalya Obmoçayevanı (“Dinamo”, Moskva) 125 top qabaqlayıb. İlk “üçlüyü” isə Superliqanın ən yaxşısı seçilən Yekaterina Qamova (“Dinamo”, Kazan) qapayıb. Onun aktivində 581 dəqiq zərbə var. Məmmədova orta məhsuldarlıqda da birinci olub. O, orta hesabla hər setdə 6,58 xal qazanıb.

Yeri gəlmişkən, Natalya Rusiya çempionatındakı şəxsi rekordunu təkrarlaya bilməyib. Belə ki, 2009/2010 mövsümündə Krasnodar “Dinamo”su ilə Superliqanın bürünc medalı qazanarkən (həmin vaxt da 3-cü yer uğrunda görüşdə “Uraloçka”ya qalib gəlmişdi) təmsilçimiz 731 xal toplamışdı. O, həmin vaxt da “Rabitə”yə bombardir kimi gəlmişdi.

Qeyd edək ki, Superliqada Kazan “Dinamo”su çempion olduğu halda, Moskva “Dinamo”su ikinci, “Omiçka” üçüncü yeri tutub. Bu medal Omsk təmsilçisinin tarixində ilkdir.