İtaliya yığmasının ulduzu rəsmən Bakı klubunda!
13.05.2013 - 13:02
İtaliya yığmasının ulduzu rəsmən Bakı klubunda!
“Azərreyl” ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” İtaliya millisinin ulduzu Lusia Bosetti ilə danışıqları müsbət yekunlaşdırıblar.

Bir gün öncə “Pyaçentsa” ilə İtaliya çempionluğunu bayram edən və A seriyasının ən dəyərli voleybolçusu seçilən 24 yaşlı hücumçu növbəti 1 ildə Bakı klubunda oynamağa razılığını verib. Onun keçidinin reallaşmasında klubunun baş məşqçisi, yeni mövsümdə “Azərreyl”də işləyəcək Covanni Kapraranın rolu olub.

Karyerasına gəlincə, Bosettinin 2007-ci ildən ölkəsinin yığmasında oynayır və indiyədək 154 matçda millinin şərəfini qoruyub. Bu illərdə dünya çempionatının (2011), dünya kubokunun (2009) və 2 dəfə Avropa çempionatının (2009, gənclər arasında 2006) qalibi olub. Lusia, həmçinin əsas komanda ilə 2 dəfə Dünya Qran-prisinin (2008, 2010) bürünc mükafatına sahib çıxıb.

“Azərreyl”ə transfer olunana kimi isə “Amatori Oraqo” (2003-2007), “Sassuolo” (2007-2009), “Foppapedretti” (2009-2011), “Villa Kortese” (2011-2012) və “Pyaçentsa” (2012-2013) klublarının şərəfini qoruyub. 176 sm boya malik Bosetti bu komandalarla 1 dəfə Çempionlar Liqasının (2009-2010), 2 dəfə İtaliya çempionatının (2010-2011, 2012-2013) və 1 dəfə ölkə kubokunun qızıl medalını qazanıb.

Qeyd edək ki, “Azərreyl” Lusiadan öncə Azərbaycan millisinin liderləri – Oksana Parxomenko, Polina Rəhimova, Kseniya Kovalenko və Valeriya Korotenko ilə müqaviləni yeniləmişdi.