İtaliya çempionundan Bakı klubuna əngəl
15.05.2013 - 08:57
İtaliya çempionundan Bakı klubuna əngəl
İtaliya çempionu “Pyaçentsa” “Azərreyl”in arzusunu gözündə qoya bilər. Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna Covanni Kapraranı gətirib, heyətinə Lusia Bosettini qatan bakılılar problemlə üzləşib.

Belə ki, danışıqların müsbət yekunlaşdığı italiyalıların Azərbaycana gəlməsinə “Pyaçentsa” əngəl olmağa çalışır. Tarixində ilk dəfə A seriyasının qalibi olan klub baş məşqçisi ilə yollarını ayırmaq fikrindən uzaqdır. İtaliyalı həmkarlarımızın yazdığına görə hətta Kaprara ilə “Pyaçentsa” arasında yeni müqavilə də bağlanıb. Onların iddiasına görə kluba bağlılığı qalan Bosetti də çempionlar yollarını ayırmayacaq. Lakin hələ hər 2 məsələ açıq qaldığından onların hansı klubu seçəcəyinə tam aydınlıq gəlməyib.

Qeyd edək ki, son illərdə italiyalılar maliyyə problemləri səbəbindən legioner həyatı yaşamağı daha üstün tuturlar.