Azərbaycanda növbəti unikal hadisə!
29.05.2013 - 12:07
Azərbaycanda növbəti unikal hadisə!
Azərbaycan voleybolunda növbəti qeyri-adi hadisə rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bir qədər öncə Super Liqanın gümüş medallarının 2-yə bölündüyü, bürünc medalların harada qaldığı bilinməyən ölkəmizdə bu dəfə daha unikal hadisə yaşanıb.

Belə ki, 2 klub öz tarixini dəyişib. Bakının ən köklü klublarından olan “Azərreyl” və bu komandanın əvəzedicisi sayılan “Azəryol” adlarını dəyiş-düyüş ediblər. 2000-ci ildən yaranan “Azərreyl” 13 il daşıdığı addan imtina edərək, “Azəryol”a çevrilib. 2 yaşlı kiçik “bacı” isə yeni mövsümdən dünya voleybol brendinə çevrilən “Azərreyl”in adını daşıyacaq.

Bunun gerçəkləşməsi çoxdan bəlli olsa da, yalnız indi bu, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən də tanınıb. Buna əsasən Azərbaycanı yeni mövsümdə Çempionlar Liqasında “Azəryol”, CEV kubokunda isə “Azərreyl” təmsil edəcək.

Təbii ki, bu qərar “dəmiryolçular”ın tarixinə böyük zərbə vuracaq. Bütün dünyanın tanıdığı “Azərreyl” adının daşıyıcısı olan komanda cəmi 2 il əvvəl yaranan və heç bir titula sahib olmayan kluba çevrilib.

Ölkəmizə ilk avrokukok qazandıran, voleybolumuzun flaqmanı sayılan, bəzi mənbələrdə, o cümlədən, CEV-in rəsmi saytında BMKZ-ın varisi kimi də qəbul edilən klub isə əksinə heç kimin tanımadığı “Azəryol” kimi beynəlxalq arenaya çıxacaq.