Bütün potensial rəqiblərimiz bilindi, Bakı klubuna “yaşıl işıq”!
29.05.2013 - 14:10
Bütün potensial rəqiblərimiz bilindi, Bakı klubuna “yaşıl işıq”!
Çempionlar Liqasında mübarizə aparacaq Bakının “Rabitə”, “Azəryol” və “İqtisadçı” voleybol komandalarının potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub yarışında 11 ölkədən 24 klub mübarizə aparacaq.

Reqlamentə əsasən hərəsində 4 komanda olmaqla, 6 qrup formalaşacaq. İlk 2 yeri tutacaq klublar növbəti mərhələyə yüksələcək. Həmin 12 komanda 2 mərhələdə mübarizə aparacaq.

Artıq yarışda iştirak edəcək komandaların adlarının hamısına aydınlıq gəlib. Bunlardan 21-i yarışa vəsiqəni əvvəlcədən qazanmışdısa, son 3 komanda “wild card”la buna nail olub. Elə “İqtisadçı”nın “Rabitə” və “Azəryol”a qoşulması da bunun sayəsində mümkün olub. Azərbaycan kimi İtaliya da üçüncü təmsilçisini məhz güzəştli vəsiqə ilə əldə edib. Nəticədə bu 2 ölkə təmsilçi sayında Rusiya və Türkiyəyə çatıb. Sonuncu “wild card” Almaniyanın ikinci klubuna nəsib olub.

Çempionlar Liqasında yarışacaq komandalar bunlardır: “Rabitə”, “Azəryol” (hər ikisi Azərbaycan), “Gent” (Belçika), “Agel” (Çexiya), “Kann”, BEZİERS (hər ikisi Fransa), “Şveriner” (Almaniya), “Pyaçentsa”, “Koneqlyano” (hər ikisi İtaliya), “Atom”, “Tauron” (hər ikisi Polşa), “Stiinta”, “Dinamo-Romprest” (hər ikisi Rumıniya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Omiçka” (hər üçü Rusiya), “Srvena Zvezda” (Serbiya), “Volero” (İsveçrə), “Vakıfbank”, “Əczaçıbaşı”, “Qalatasaray” (hər üçü Türkiyə).

Wild cardlar: “İqtisadçı” (Azərbaycan), “Yamamay” (İtaliya), “Dresdner” (Almaniya)

Qeyd edək ki, başa çatan 2012/2013 mövsümündə də Azərbaycan Çempionlar Liqasında 3 komanda ilə təmsil olunmuşdu.