Olimpiya çempionumuz SOS dedi
30.05.2013 - 12:00
Olimpiya çempionumuz SOS  dedi
“Komandamız Avropa çempionatına qatılmayacaq. Bizə federasiya rəhbərliyindən bildirdilər ki, qitənin ən nüfuzlu turnirində təmsil olunmayacağıq”. Bunu apasport.az saytına açıqlamasında qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəfiqə Şabanova deyib.

Olimpiya çempionumuz komandasının Avropa çempionatında iştirak etməməyinə münasibət bildirib.

Şabanovanın sözlərinə görə, artıq həndbolun problemlərindən danışmaqdan yorulub: “Deyilənə görə, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından 2 idman növünü çıxaracaqlar ki, bunun da birinin həndbolu olacağı gözlənilir. Görünür, buna əsasən həndbol yığmamızın Avropa çempionatına qatılmamağını məqsədəuyğun sayıblar. Halbuki, biz daim, hətta ən çətin anlarda belə bu yarışda iştirak etmişik. Ancaq indi böyük çətinliklərimiz var. Normal şərait yoxdur və bunlar haqda danışmaqdan artıq yorulmuşam. Axı, eyni şey haqda nə qədər danışmaq olar? Çempionatı keçirilməyən hansı idman növü inkişaf edə bilər?”

Şabanova yığmadan fərqli, klublarımızın avrokuboklarda iştirak edəcəyini düşündüyünü deyib: “Çox güman Avropa kuboklarında çıxışlarımızı davam etdirəcəyik. Hələlik bununla bağlı dəqiq məlumat yoxdur. Ancaq düşünürəm ki, millilərimizdən fərqli, klublarımız qitə yarışlarında çıxışlarını davam etdirəcəklər”.