“Mursiya”nın tarixinə düşən məşqçi “Rabitə”də
31.05.2013 - 13:15
“Mursiya”nın tarixinə düşən məşqçi “Rabitə”də
“Rabitə”nin yeni baş məşqçisi Paulo Kokonun kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, Braziliya yığmasının məşqçisi olan 46 yaşlı mütəxəssis daha çox İspaniyanın “Mursiya” klubundakı işi ilə məşhurlaşıb.

Belə ki, 2006-2008-ci illərdə bu komandada çalışan Koko onun gəlişinə qədər titul həsrətində olan kluba çoxsaylı mükafatlar qazandırıb. Hər 2 mövsümdə İspaniyada titul qoymayan braziliyalı 2 ölkə çempionluğu, 2 ölkə kuboku və 2 Superkubokun qazanılmasının memarı olub. Kokonun rəhbərliyi altında “Mursiya” beynəlxalq arenada da uğurla çıxış edib. 2007-ci ildə finalda Rusiya MOİK-ini 3:0 hesabı ilə darmadağın edən komanda “Top-komandalar” kubokunun tarixinə son qalib kimi düşüb. Bu həm də “Mursiya”nın tarixində avrokuboklarda ilk və yeganə uğurdur.

Mütəxəssis klubdakı ikinci mövsümündə isə Çempionlar Liqasında debüt edən İspaniya təmsilçisini “Dördlər finalı”na yüksəldib və Avropanın ən nüfuzlu klub turnirində 4-cü yeri tutub. Həmin 2 il ərzində ölkəmizdə çıxışı ilə yaxşı tanıdığımız Nansi Metkalf, Prissilla Rivera və Marisa Fernandes onun rəhbərliyi altında oynayıb.

Qeyd edək ki, Koko vətənində də bir klubun “sükanı” arxasında olub.