İtaliyada məşhur qalmadı
10.06.2013 - 14:45
İtaliyada məşhur qalmadı
Yeni mövsümdə iddialı heyət formalaşdırmaq niyyətində olan “Lokomotiv” transferlərdən doymur. Apasport.az saytının məlumatına görə, mövsümlərarası fasilənin ən fəallarından olan “dəmiryolçular” daha 2 voleybolçunu rənglərinə bağlayıb.

Bunlar litvalı Valdone Petrauskayte və amerikalı Aleksis Krimesdir. Hər 2 oyunçu ilə 1 illik müqavilə bağlanıb.

2001-ci ildən millisinin şərəfini qoruyan Petrauskayte Bakı klubuna İtaliyanın “Urbino” klubundan transfer olunub. 29 yaşlı hücumçu Azərbaycana gəlincə daha 4 ölkənin çempionatında oynayıb.

181 sm boya malik Valdone ölkəsində “Kovno” (1999-2001), Fransada “İstr” (2001-2004) və “Riom” (2004-2006), İtaliyada “Urbino” (2009-2011, 2012-2013) ilə yanaşı, “Viçentsa” (2006-2007) və “Çyeri” (2008-2009), Türkiyədə “Türk Telekom” (2007-2008), Rusiyada isə Krasnodar “Dinamo”sunda (2011-2012) forma geyinib. 2011-ci ildə (“Dinamo” ilə) CEV kubokunu başı üzərinə qaldırıb.

Krimes də hazırda maliyyə böhranı yaşayan İtaliya klubundan gəlib. 27 yaşlı orta sahə oyunçusu məşhur “Foppapedretti”ni “Lokomotiv”ə dəyişib. 2008-ci ildən ABŞ yığmasında debüt edib və 41 dəfə meydana çıxan Aleksis daha öncə “Long Beach” (2004-2007), “Univercity Etats” (hər ikisi ABŞ, 2007-2009, 2009-2010) “Llaneras de Toa Baja” (Puerto-Riko, 2009), “Post Şveçat” (Avstriya, 2010-2011) və “Bielsko-Biala” (Polşa, 2011-2012) klublarında çıxış edib. 191 sm boya malik amerikalı 2009-cu ildə Puerto-Riko, 2 il sonra Avstriya çempionu adına yiyələnib.

Qeyd edək ki, “Lokomotiv”də bununla da yeni mövsüm üçün voleybolçuların sayı 10-a çatıb. “Dəmiryolçular” Petrauskayte və Aleksisdən öncə Lauren Gibbemeyer, Uitni Dosti (hər ikisi ABŞ), Sa-Ni Kimi (Cənubi Koreya) və Suzana Sebiç (Serbiya) transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.