Dürr yaxşı oynasa...
11.06.2013 - 13:30
Dürr yaxşı oynasa...
Yeni mövsümdən Çempionlar Liqasında debüt edəcək “İqtisadçı” heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Aleksandra Klineman (ABŞ), Manon Flier (Hollandiya) və Valentina Serenanın (İtaliya) ardından Almaniya millisinin voleybolçusu Lenka Dürrlə anlaşıblar.

23 yaşlı libero ölkəsinin “Rote Raben” klubundan transfer olunub. Onunla növbəti mövsüm üçün razılıq əldə edilib. Dürr özünü yaxşı tərəfdən göstərərsə, müqavilənin artırılması istisna olunmur.

171 sm boya malik Lenka karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Azərbaycan Super Liqasının yeni üzvü 2006-cı ildən şərəfini qoruduğu “Rote Raben”ə gəlincə, “Straubinq” klubunda (2005-2006) oynayıb.

2008-ci ildən əsas millisinə dəvət alan Dürr bundan 1 il öncə 18 yaşadək voleybolçular arasında Avropa, 2009-cu ildə U-20-lər arasında dünya çempionluğunu bayram edib. Elə həmin il Qran-prinin bürüncünü qazanan Lenka 2011-ci ildə yığmasına Avropa çempionatının finalına çıxmasında da pay sahibi olub. Bununla yanaşı, 2 dəfə Almaniya çempionatının (2008, 2010) və 1 dəfə ölkə kubokunun (2009) qalibi adına yiyələnib.

Qeyd edək ki, Dürr millisinin heyətində 34 matç keçirib.