Azərbaycan çempionundan daha bir rəsmi müqavilə - FOTOSESSİYA
19.06.2013 - 08:56
Azərbaycan çempionundan daha bir rəsmi müqavilə - FOTOSESSİYA
“Rabitə” yeni transferi Dora Horvatı rəsmən ictimaiyyətə təqdim edib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Ufimoçka” klubundan transfer olunan Macarıstan millisinin aparıcı voleybolçusu Azərbaycan çempionunun heyətində “18” nömrəli formada oynayacaq. 25 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

2004-cü ildən yığmasının heyətinə cəlb olunan Horvat əsasən İtaliya klublarındakı uğurlu çıxışı ilə fərqlənib. Belə ki, 2003-2006-cı illərdə vətənində “Vaşaş”ın heyətində yer alan 187 sm boya malik voleybolçu Apennin yarımadasında “Minevra” (2006-2010), “Novara” (2010-2012) və “Modena” (2012) klublarında oynayıb. O, 2005-ci ildə Macarıstan çempionluğunu yaşayıb.

Qeyd edək ki, “Rabitə” Horvatla yanaşı, polşalı Katarjina Skovronska və avstraliyalı Reyçel Rurku transfer edib, Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ), Aurea Kruz (Puerto-Riko), Nataşa Krsmanoviç (Serbiya) və Brenda Kastillo (Dominikan Respublikası) ilə müqaviləni uzadıb.