“Kastillonun cəzalanmağı ilə bağlı heç bir qərar qəbul olunmayıb”
19.06.2013 - 09:25
“Kastillonun cəzalanmağı ilə bağlı heç bir qərar qəbul olunmayıb”
Dominikan Respublikası Voleybol Federasiyasının prezidenti Aleksis Ramon Qarsiya “Rabitə”nin liberosu Brenda Kastillonun yığmadakı taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi 21 yaşlı oyunçunun əsas komandadan qovulmadığını bildirib.

Onun sözlərinə görə, Brendanın diskvalifikasiya olunması və ya digər nizam-intizam qaydalarına uyğun cəzalanması ilə bağlı yayılan məlumatlar doğru deyil. Belə ki, Kastillonun qarşıdakı mövsümü psixoloji problem üzündən buraxacağı bildirilirdi. Lakin Qarsiya bunun heç bir həqiqətə söykənmədiyini açıqlayıb: “Brendanın diskvalifikasiya olunması ilə bağlı heç bir qərar qəbul olunmayıb. Sadəcə yığmanın məşqçilər korpusu onu komandada müəyyənləşən qaydalara sadiq qalacağına razılaşana qədər çağırmamağı qərara alıb. Bizim üçün kollektivdə sakitçilik və harmoniya daha vacibdir, nəinki 1 oyunçu. O, hətta öz ampluasında dünyanın ən yaxşısı olsa belə”.

Qeyd edək ki, ötən mövsüm “Rabitə” ilə Azərbaycan çempionu və Çempionlar Liqasının gümüş mükafatçısı olan Kastillo yeni ildə də Bakı təmsilçisinin şərəfini qoruyacaq.