Azərbaycan çempionu yeni baş məşqçisinin adını rəsmən açıqladı
22.06.2013 - 22:06
Azərbaycan çempionu yeni baş məşqçisinin adını rəsmən açıqladı
"Rabitə"nin yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu italiyalı Angiolino Frigoni ilə danışıqları müsbət yekunlaşdırıb.

Bakı təmsilçisi 59 yaşlı təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalayıb. Frigoninin son iş yeri Rusiyanın kişilərdən ibarət "Ural" klubu olub. O, 2007-ci ildən Ufa komandasını çalışdırırdı. "Rabitə"nin yeni baş məşqçisi daha öncə "Qabeca" (1983-1990) və "Novara" (2004-2005, hər ikisi İtaliya) klublarının "sükanı" arxasında olub. Mütəxəssis İtaliya ilə (1997-1998 (2-ci məşqçi), 1998-2001 (əsas məşqçi)), Hollandiyanın (2001-2004, əsas məşqçi) qadınlardan və ölkəsinin kişilərdən (1990-1996 (ikinci məşqçi)) ibarət yığmalarında işləyib. Frigoni 3 dünya (1990, 1994, 1995), 3 Avropa (1989, 1993, 1995) və 5 liqa tituluna sahibdir. O, apenninlilərlə 1999-cu ildə Avropa çempionatının bürünc medalını qazanıb, İtaliyanı Olimpiadaya (Sidney-2000) da yüksəldib.

Azərbaycan çempionu yeni baş məşqçisinin qarşısına həmişəki kimi iştirak edəcəkləri yarışlarda çempionluq məqsədi qoyub. Bu, xususilə də Çempionlar Liqasında gerçəkləşməlidir.

Qeyd edək ki, Frigonidən öncə də "Rabitə"ni italiyalı Marçello Abbondanza çalışdırırdı. Lakin komanda onunla yeni mövsüm üçün müqaviləni uzatmamışdı.