Gelfand çempion, Məmmədyarov üçüncü oldu - YENİLƏNİB
23.06.2013 - 18:30
Gelfand çempion, Məmmədyarov üçüncü oldu -  YENİLƏNİB
Bu gün Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın son – 9-cu günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.

Qrossmeysterimiz özündən yuxarı pillədə qərarlaşan rəqibi ilə üz-üzə gəlib. Məmmədyarovun rəqibi Norveç şahmatçısı Maqnus Karlsen olub. Təmsilçimiz şahmat tacının iddiaçısı ilə heç-heçə edib.

Bununla da, 1 qələbə qazanıb və ardıcıl 8 dəfə heç-heçə edən Şəhriyar 5 xalla turniri 3-cü yerdə başa vurub.

Digər görüşlərdə isə Hikaru Nakamura Aleksandr Morozeviçə uduzub. Vladimir Kramniklə Boris Gelfand, Sergey Karyakinlə Vişvanatan Anand və Fabiano Karuana ilə Dmitri Andreykin isə xalları yarı bölüb.

Beləliklə, Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnirin qalibi 6 xalla israilli şahmatçı Boris Gelfand olub.

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.

23 iyun
IX tur

Hikaru Nakamura (ABŞ, 2784) - Aleksandr Morozeviç (Rusiya, 2760) – 0:1
Şəhriyar Məmmədyarov (2753) - Maqnus Karlsen (Norveç, 2864) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2803) - Boris Gelfand (İsrail, 2755) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2782) - Vişvanatan Anand (Hindistan, 2786) - 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2774) - Dmitri Andreykin (Rusiya, 2713) - 0,5:0,5


Xal durumu: Gelfand – 6, Karlsen – 5,5, Məmmədyarov, Andreykin, Karuana – 5, Nakamura – 4,5, Karyakin – 4, Anand, Morozeviç – 3,5, Kramnik – 3.