Yığmamız beynəlxalq turnirə məğlubiyyətlə başladı
24.06.2013 - 14:11
Yığmamız beynəlxalq turnirə məğlubiyyətlə başladı
Qazaxıstanda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, Pavlodarda keçirilən yarışın ilk turunda Azərbaycan millisi Çinin “Lyaonin” klubu ilə qarşılaşıb.

Matç Faiq Qarayevin yetirmələrinin məğlubiyyəti ilə başa çatıb. İlk setdə voleybolçularımız rəqiblərinə ciddi müqavimət göstərsələr də, sonda asiyalılar qalib gəlib – 27:25. “Lyaonin” ikinci hissəni isə daha asan aktivinə yazıb. Bu dəfə millimizin gücü cəmi 10 xal (10:25) toplamağa çatıb. Bundan sonra təmsilçimiz 25:14 hesabı ilə qələbə qazanaraq, fərqi minimuma endirsə də, çinlilər 4-cü setdə 25:21 hesabı ilə oyunun nəticəsini müəyyənləşdirib.

AZƏRBAYCAN - “LYAONİN” (ÇİN) – 1:3 (25:27, 10:25, 25:14, 21:25)

Qeyd edək ki, komandamız ikinci matçında Qazaxıstanın ehtiyat yığması ilə oynayacaq.