“Bakıya gələndə bu qədər qalacağımı planlaşdırmırdım” - MÜSAHİBƏ
27.06.2013 - 10:54
“Bakıya gələndə bu qədər qalacağımı planlaşdırmırdım” - MÜSAHİBƏ
“Rabitə”nin serbiyalı voleybolçusu Sanya Staroviç ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2008-ci ildən Bakı təmsilçisinin şərəfini qoruyan hücumçu Azərbaycan karyerası və komandası ilə qazandığı uğurlardan danışıb. O, həmçinin yeni mövsümdə harada oynayacağı tam aydınlıq gəlmədiyini də bildirib.

- Doğma şəhəriniz Qaskoya qayıtdıqdan sonra təəssüratlarınız necədir?
- Bunu izah etmək çətindir. Çünki 8-9 aydır evdən kənarda idim. Bura qayıtmaq üçün mövsümün bitməsini gözləməli idim. Şəhərimdə ailəmi, dostlarımı, qohumlarımı gördüm.

- Artıq 5 ildir Azərbaycanda çıxış edirsiz. Orada vəziyyət necədir?
- Əvvəl elə fikirləşirdim ki, Qaskodan uzun müddət kənarda qala bilməzdim. Mən orada 4 mövsüm keçirdim. Bununla Bakıda qərar tutdum və bu şəhər mənim ikinci evim oldu. Orada çoxlu insanlarla tanış oldum, dostlarım var. Şəhərin ab-havası da ürəyimə yatır. Deyə bilərəm ki, Bakıda işlərim yaxşı gedir.

- İlk vaxtlar çətin olur, ancaq bu ölkədə voleybolun çəkisinin artması ilə çox şey yaxşılığa doğru dəyişib. Siz bunu necə görürsüz?
- Son 5 ildə böyük dəyişiklik olub. Mən ora gedəndə praktiki olaraq liqa yox idi. Ancaq son mövsümdə çempionat 4 dövrədən ibarət oldu. Biz Çempionlar Liqasında finala kimi irəliləmişik. Azərbaycan Super Liqasında çoxlu əcnəbilər, 7 klub çıxış edir. Çempionatın oyunlarını keçirmək üçün istifadəmizə xüsusi zal verilib. Hər il yeni nəsə yaxşı şeylər baş verir.

- Orada 1 gününüzü necə təsvir edərdiz?
- İlk növbədə onu deyim ki, saat qurşağına görə Serbiya ilə Azərbaycan arasında 3 saat fərq var. Yəni Bakıda 9-da duranda, Belqradda 6 olur və o vaxt yuxudan ayılmaq çətindir (gülür). Haradasa saat 10-da gimnastik hərəkətlər edirəm. Daha sonra nahar, istirahət və məşq olur. Hazırlıq 2, 2,5 və hətta 3 saat olur ki, bu da baş məşqçidən asılıdır. Axşamlar isə dostlarımızla şam yeməyinə gedirik. Həftədə 1 gün isə tam istirahətimiz olur.

- Çıxış etdiyiniz “Rabitə”də atmosfer necədir?
- Əla. Son mövsümdə Serbiyadan 3 nəfər idik. Əslində daha bir həmyerlimiz Suzana Sebiç də bizləydi. Ancaq o mövsümün gedişində komanda ilə vidalaşdı. Nəticədə 3 nəfər qaldıq: mən, Mira Qoluboviç və Nataşa Krsmanoviç. Komandamızda müxtəlif ölkələrdən oyunçular da yer alır. Bir sözlə, hamımız birgə yaxşı ab-hava yaratmışıq.

- Orada hansı dildə danışırsız?
- Son mövsümdə italiyalı məşqçilərimizlə onların dilində, qalanları ilə isə ingiliscə danışırdıq. Heyətimizdə polşalı ilə ünsiyyətimiz zamanı onu aşkara çıxardıq ki, onlar serb dili ilə yaxındır (gülür).

- Belə başa düşürəm ki, daha çox həmyerlilərinizlə ünsiyyət qurursuz?
- Bəli, xüsusilə də Krsmanoviçlə. Onunla bunadək 4 il birgə oynamışam, hazırda da yığma üzvüyük. Yəni Nataşa ilə daha çox vaxtımı keçirirəm.

- Sizcə Azərbaycana getməklə düzgün qərar qəbul etdiz?
- 5 il öncə mən Azərbaycana gedəndə heç kim ardının belə gələcəyini düşünmürdü. Mən isə təkidlə belə dedim: “Hər şey yaxşı olacaq, mən gedim əgər pis olsa qayıdaram”. İldən-ilə klublara qoyulan sərmayə artdı, liqa gücləndi, şərait yaxşılaşdı. Bütün bunlar məni orada qalmağa sövq edir.

- Azərbaycanda voleybolun hazırkı durumunu necə şərh edərdiz?
- Orada hazırda şərait daha yaxşı və liqa güclüdür. Düzdür, Türkiyədəki kimi 10 komanda deyil, ancaq bizim liqada legionerlər çoxdur. Amerika, Braziliya və Tailand millilərinin üzvləri çıxış edir. Güclü İtaliyadan yaxşı oyunçuların gəlməsi də yaxşı nümunədir.

- “Rabitə” ilə böyük uğurlar qazandıqdan sonra özünüzü necə hiss edirsiz?
- Mən klublararası dünya çempionu olanda ən xoşbəxt anımı yaşadım. Bu, Azərbaycan idmanın ən böyük uğurlarındandır. Bakıya qayıdandan az sonra bizi Azərbaycan prezidenti İlham Əliyev qəbul etdi. Hamı üçün bu çox vacib qələbə idi. Orada idmana dövlət səviyyəsində xüsusi diqqət göstərilir.

- Ötən mövsüm də çempion olan “Rabitə” ardıcıl 6-cı qələbəsinə doğru gedir. Sizin və klubunuzun iddiaları nədir?
- Ötən il də klublararası dünya çempionatının finalında oynasaq da, uduzaraq gümüş medalla kifayətləndik. Ancaq sanki heç nə baş vermədi. Klubun hər mövsümdən öncə qarşısına qoyduğu məqsədlər olur. “Rabitə” də çıxış edəcəyi bütün yarışlarda yalnız çempionluğu hədəfləyir. Gələn mövsüm də bu istisna deyil.

- Azərbaycanlı azarkeşlər necədir?
- Orada əsas rəqibimiz “Azərreyl”dir. Ona qarşı hələ “Yedinstvo”da çıxış edərkən forma geyinmişəm. Bu Azərbaycan klubuna qarşı ilk görüşüm idi. Yadımdadır, avtobusla gəldiyimiz zamanı azarkeşlərin çoxluğundan içəri daxil ola bilmirdik. Onda məcbur olub digər qapıdan zala girdik. Orada gördüklərimiz bizi heyrətləndirdi. Zaldakılar da hamısı qara geyinmişdilər. Minlərlə insan “Azərbaycan” deyə qışqırırdı. Onda gənc olsaq da, belə atmosferdə oynamaq ən çox təsirləndiyimiz an idi. Hərçənd, 0:3 hesabı ilə uduzmuşduq. İndi isə liqada uzun illərdir lider olduğumuzdan çox komandalar bizimlə oyuna xüsusi yanaşırlar. Buraya azarkeş amili də daxildir.

- Karyeranızın davamını necə görürsüz?
- Hələ bilmirəm. Mən ilk dəfə Bakıya gələndə belə uzun müddət qalacağımı planlaşdırmırdım. Biz həmin vaxt faktiki olaraq 1 illik müqavilə bağlamışdıq. Ancaq indi vəziyyət fərqlidir. Mən yalnız mövsüm bitdikdən sonra bunun ardının necə olacağını fikirləşirəm. İlk növbədə sağlamlığımı diqqətdə saxlayıram. Yeni mövsümdə necə olacağını isə zaman göstərəcək.