Faiq Qarayev: Bu inkişaf bizim üçün örnəkdir
27.07.2013 - 14:34
Faiq Qarayev: Bu inkişaf bizim üçün örnəkdir
“Klubların daha peşəkar fəaliyyət göstərməsi yığmanın da inkişafına səbəb oldu. Türkiyə klubları bir neçə ildir ki, avrokuboklarda zirvələrdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev deyib.

Türkiyə yığması ilə 2-ci yoxlama oyunundan sonra mütəxəssis bu ölkədən olan həmkarlarımıza müsahibə verib. Qonşu ölkədə təlim-məşq toplanışında olan yığmamızın çalışdırıcısı Türkiyə voleybolundakı inkişafın bizim üçün örnək olduğunu açıqlayıb: “Vakifbank” son 2 ildə Çempionlar Liqasını qazandı. Klubların uğuru yığmaya da təsir edir. Bu da dolayısıyla bizim üçün də bir örnəkdir. Son illərdə bizim klublar da uğurlu çıxış edir, yaxşı nəticələr qazanır. Qadın voleyboluna ciddi yatırımlar edilib. Mübarizə apardıqları sahələrdə güclü və iddialı komandalarımız var. Bu il “Azəryol”, “Rabitə”, “İqtisadçı” Çempionlar liqasında çıxış edəcək. Klubların inkişafı yığmamızı da yuxarılara aparacaq”.

Qarayev Türkiyə voleybolunda çalışdığı vaxtla indiki arasında fərdən də danışıb: “Həmin vaxt voleybol yeni inkişaf edirdi. Ancaq biz həmin şərtlərlə də təməl qoymağı bacardıq. Bunda təkcə mənim deyil, bütün türk məşqçilərinin də rolu oldu. Çünki biz bir komanda yaratdıq. Məncə bütün uğurlar da həmin dövrdən başladı. Türkiyənin bütün ulduz oyunçuları ordan çıxdı. Bunda türk çalışdırıcıların xüsusi əməyi var. Mən həmin vaxt çalışdığım üçün şadam. Bir az payım varsa məni çox sevindirir. Sağ olsunlar ki. hələ də bunu xatırlayırlar”.

Qarayev klublarımızın avrokuboklardakı uğurlarına sevindiyini də bildirib: “Ən çox sevindiyim şeylərdən biri son illər Çempionlar Liqasında Azərbaycan və Türkiyə klublarının “Dördlər finalı”na yüksəlməsidir. Əvvəllər hamımızın arzusu bu 2 ölkə klublarının 8 ən yaxşı arasına düşməsi idi. İndi isə 2 qardaş ölkənin komandaları hədəf kimi kubok qazanmağı qoyur. Qarşıdakı mövsümdə də Azərbaycan və Türkiyə klubları Çempionlar liqasında zirvə üçün mübarizə aparacaq. Ötən mövsüm “Dördlər finalı”na 2 Türkiyə və 1 Azərbaycan klubu çıxdı: “Qalatasaray”, “Vakifbank”, “Rabitə” və İtaliya komandası. Bundan sonra isə inşallah 4-ü də bu 2 ölkənin təmsilçiləri olar”.