“Azərbaycanla matç üçün “kartlarımızı” açmayacağıq”
05.08.2013 - 13:07
“Azərbaycanla matç üçün “kartlarımızı” açmayacağıq”
“Qazaxıstandakı turnirin ilk oyununda uduzsaq da, yerdə qalan qarşılaşmalarda qalib gəlməyi bacardıq. Qarşıdakı Avropa çempionatının final mərhələsinin qrupunda rəqibimiz olan Azərbaycan yığması da məğlub etdiyimiz komandalar sırasında idi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Belarus millisinin baş məşqçisi Viktor Qonçarov deyib.

Almaniya və İsveçrədə baş tutacaq Avropa çempionatının final mərhələsinin qrupunda rəqibimiz olacaq şərqi slavyanlar artıq hazırlığa start veriblər. Qonçarovun bildirib ki, Qazaxıstanda “Prezident kuboku”nda Azərbaycan millisi kimi onlar da əsas heyətlə oynamayıblar. Lakin yetirmələrinin 3:2 hesablı qələbəsində rekord vurmaları baş məşqçini çox ümidləndirib: “Düzü, həmin görüşdə rəqibimiz Natalya Məmmədova, Oksana Parxomenko və əsas liberosu Valeriya Korotenko olmadan mübarizə aparırdı. Amma bizim də 1 nömrələrimiz həmin qarşılaşmada meydana çıxmadı. Bir sözlə, həmin oyunda hər şey 50-nin 50-yə idi. Oyunun gedişi göstərdi ki, komandamız meydanda əla səviyyədə çıxış edə və ən yüksək səviyyədə belə asan olmayan rəqiblərə qalib gələ bilər. Yığmamızın blokçularını qeyd etməliyəm ki, setlərdən birini məhz onların sayəsində qazandıq. Axı onlar azərbaycanlıların 21 hücumunun qarşısını almağı bacardılar. Bu isə rekorddur. Təki Avropa çempionatında da belə olsun”.

Maraqlıdır ki, bu qələbədən sonra Qonçarov yalnız Azərbaycan üzərində növbəti qalibiyyət barədə düşünür. O bunun üçün Rusiya ilə oyunu da qurban verməyə hazırdır: “Avropa çempionatında zəif rəqiblər olmur. Belə yarışlarda həmişə uğurlu çıxış etmək üçün şans var. Əlbəttə ki, bizim ilk rəqibimiz olacaq Rusiya ilə eksperimental heyətlə oynayacağıq. Buna səbəb növbəti matçda qarşılaşacağımız Azərbaycanla matç üçün “kartlarımızı” açmamaq istəyimizdir. Eyni zamanda, onların Xorvatiya ilə matçına baxım, tam gücünü öyrənmək niyyətindəyik. Yeri gəlmişkən, rusiyalılarla oyunda da rəqibə gücümüzü sübut etmək planlarımıza daxildir. İstənilən halda Avropa çempionatı kimi möhtəşəm yarışda şərəfini qoruduğumuz Belarus voleybolunun nüfuzunu ləkələməməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan – Belarus matçı sentyabrın 7-də olacaq.