“Azərbaycan çempionatının medalını pivə bokalına atacam”
29.08.2013 - 13:30
“Azərbaycan çempionatının medalını pivə bokalına atacam”
“İqtisadçı”nın yeni transferi Lenka Dürr maraqlı hobbi ilə ictimaiyyətin diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin liberosu Avropa çempionatı ərəfəsində indiyədək qazandığı medalları heç kimin ağlına gəlmədiyi yerdə saxladığını açıqlayıb.

Belə ki, 23 yaşlı voleybolçu vətənində verdiyi müsahibəsində mükafatlarını məhz pivə bokalında saxladığını deyib: “İndiyədək qazandığım medalları xüsusi yerdə saxlayıram. Bu, pivə bokalıdır və mənim xəzinəm hesab olunur. İndi əsas məqsədim Avropa çempionatında da mükafatçı olub, kolleksiyamı artırmaqdır”.

İyun ayında Almaniya “Rote Raben”ini “İqtisadçı”ya dəyişən “bəstəboy” pivə bakalına Azərbaycandan da “qənimət” aparacağına inanır: “Yeni klubumla həm Azərbaycan çempionatında, həm də avrokubokda mükafat qazanmaq iddiasındayam. Əminəm ki, kolleksiyama – pivə bakalıma “İqtisadçı”dan da 2 medal əlavə edəcəm”.

Qeyd edək ki, 2008-ci ildən əsas millisinə dəvət alan Dürr bundan 1 il öncə 18 yaşadək voleybolçular arasında Avropa, 2009-cu ildə U-20-lər arasında dünya çempionluğunu bayram edib. Elə həmin il Qran-prinin bürüncünü qazanan Lenka 2011-ci ildə yığmasına Avropa çempionatının finalına çıxmasında da pay sahibi olub. Bununla yanaşı, 2 dəfə Almaniya çempionatının (2008, 2010) və 1 dəfə ölkə kubokunun (2009) qalibi adına yiyələnib.