“30 ildir məşhur klublarda işləyirəm”
02.09.2013 - 23:05
“30 ildir məşhur klublarda işləyirəm”
“Lokomotiv”in yeni baş məşqçisi Kladio Kuello Azərbaycan mətbuatına ilk müsahibəsini verib. Ölkəmizə gəlməzdən öncə “dəmiryolçular”la Türkiyədə təlim-məşq toplanışında olan 55 yaşlı argentinalı Bakı klubuna keçidi və buradakı hədəflərini məhz “apasport”a açıqlayıb. Avstriya millisi və İtaliya A seriyasında aparıcı klubları çalışdırmaqla məşhurlaşan mütəxəssis əməkdaşımızla söhbətində əsas rəqiblərinə mesaj göndərməyi də unutmayıb.

- Azərbaycanda işləyəcək ilk argentinalı baş məşqçi olacaqsız. Ölkəmizə gəlişiniz, “Lokomotiv”in seçmək variantı necə ortaya çıxdı?
- Mən 30 ildən çoxdu məşhur, dünya səviyyəli klublarda işləyirəm. Azərbaycanı və “Lokomotiv”i də seçməyimdə səviyyə rol oynadı. Çünki burada voleybola maraq yüksəkdi və yeni komandam da iddialıdı.

- Bakı klubu ilə müqavilə bağlamazdan öncə Azərbaycan və voleybolumuz barədə nəsə bilirdiz?
- Düzünü deyim ki, ölkəniz barədə ətraflı məlumata malik deyildim. Ancaq Argentinadakı səfirliyinizlə şəxsi münasibətimiz olmuşdu. Orada ölkəniz haqda danışdıqdan sonra Azərbaycan bərədə gözəl bir təsəvvürüm yaranmışdı. 2 ay öncə isə fikirləşirdim ki, buradan hansısa təklif olsaydı, onu dəyərləndirərdim. Artıq Azərbaycanda işləyəcəyəm üçün çox şadam.

- Yeni komandanızın heyəti demək olar tam formalaşıb. Yalnız 1 transferlə komandanız komplektləşəcək. Heyətlə bağlı nə deyə bilərsiz?
- Bəli, transferlərimiz yekunlaşmaq üzrədi. Bundan sonra cəmi 1 voleybolçu ilə müqavilə bağlayacağıq. Bunun da tezliklə rəsmiləşməsi gözlənilir. Heyətə gəlincə, güclü komanda olduğumuzu deyə bilərəm. Düzdür, ulduz oyunçular olmaya bilər. Əsas odur, elə bir iş qurub, atmosfer yarada bilərsən ki, həmin komanda daha inamlı çıxış etsin. Bizim oyunçular da güclüdürlər. Ancaq komanda kimi daha yaxşı oynamaq üçün çox çalışmalıyıq.

- Hazırda Türkiyədə komandanızla birgə təlim-məşq toplanışındasız. Yeni mövsümə hazırlığın startından razısızmı? Yaxud CEV kubokunda “Brno” və Super Liqadakı rəqiblərlə matçların hazırlığına indidən başladığınızı söyləmək olarmı?
- Bəli, artıq hazırlıqlara tam heyətlə olmasa da, başlamışıq. Hər şey yüksək səviyyədə gedir və fikrimcə, hər bir rəqiblə oyuna optimal formada çıxacağıq.

- Amma onu da nəzərə alaq ki, bəzi oyunçularınız millilərinin düşərgəsindədir. Onların komandaya yorğun gələcəyindən ehtiyat etmirsiz?
- Fikrimcə, oyunçu öz komandasında çıxış edib, kluba yüksək əhval-ruhiyyədə qayıdır. Bu, psixoloji olaraq bizdə də üstünlükdür ki, komandamızın üzvləri yığmalarına dəvət edilir. Lakin yorğunluğun da olması təbiidir. Biz isə komanda olaraq, bunu aradan qaldırmaq üçün öz köməkliyimizi göstərəcəyik. Yəni, klubda əhval-ruhiyyə yüksək olarsa, oyunlara hazırlıq daha ciddi gedir və uğurlu nəticələr qazanılır.

- “Lokomotiv” son mövsümü uğursuz başa vurdu. Sizi isə qarşıda 2 ciddi sınaq gözləyir. CEV kubokunda və Super Liqada hədəfinizi açıqlaya bilərsizmi?
- Hər bir komandada işləyirsənsə, mütləq qalib gəlmək istəyirsən. Lakin bu, yeganə şərt deyil. Bizim əsas məqsədimiz bacardığımız qədər uğurlu çıxış etmək, hər bir rəqibə daha güclü müqavimət göstərmək, komandada olduğumuz hər bir günü səmərəli istifadə etməkdi.