“Azərbaycanlı”lar NORCECA-nın ilk “üçlüy”ündə
23.09.2013 - 08:30
“Azərbaycanlı”lar NORCECA-nın ilk “üçlüy”ündə
Qadın voleybolçular arasında Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın qalibi ABŞ millisi olub.

Heyətində Azərbaycan Super Liqasında forma geyinəcək Kayla Banvart (“Rabitə”), Lauren Paolini (“İqtisadçı”) və Lauren Gibbemeyerin (“Lokomotiv”) yer aldığı amerikalılar finalda Dominikan Respublikasının millisinə qalib gəlib – 3:1 (25:19, 26:24, 21:25, 25:19). Gümüş mükafatçıların heyətində də azarkeşlərimiz üçün tanış simalar yer alıb. Dominikalılar “Rabitə” ilə Azərbaycan çempionu olan Brenda Kastillo və “Lokomotiv”in yeni transferi Prisilla Riveranın köməyindən istifadə ediblər.

Turnirin bürünc medalları isə Puerto-Rika voleybolçularına qismət olub. Heyətində Azərbaycan çempionu Aurea Kruz olan komanda üçüncü yer uğrunda görüşdə Kanadaya qalib gəlib – 3:0 (25:23, 25:16, 25:16).

Qeyd edək ki, yarışın simvolik və ulduzlardan ibarət yığmasında da “azərbaycanlılar” yer alıb. Kastillo ən yaxşı top qəbuledici seçildiyi halda, Kruz ulduzlar komandasının 2 hücumçusundan biri olub.