Bakı klubunun Belqrad şousu - YENİLƏNİB
22.10.2013 - 21:18
Bakı klubunun Belqrad şousu - YENİLƏNİB
Super Liqanın gümüş mükafatçısı “İqtisadçı” bu gün Çempionlar Liqasında debüt matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Serbiyada “Srvena Zvezda”nın qonağı olub.

“Tələbələr” görüşü asan qələbə ilə başa vurublar. Bülənt Karslıoğlunun yetirmələri səfərdə heç də özlərini qonaq kimi aparmayaraq, rəqiblərini “quru hesabla” məğlub ediblər.

Belə ki, “İqtisadçı” matçın startındaca üstünlüyü ələ alaraq, 4 dəqiq zərbə vurub. Ardınca “Srvena Zvezda” top fərqini 3-ə endirib. Bu isə voleybolçularımızın daha da gözəl oynamasına səbəb olub.

İlk texniki fasilədə üstünlüyü 6 topa çatdıran Bakı təmsilçisi ikinci texniki fasilədə fərqi daha da artırıb – 16:7. İnamlı çıxışını davam etdirən komandamız birinci hissəni 25:15 hesabı ilə xeyrinə başa vurub.

İkinci set serblərin hücumları ilə başlayıb. Əgər ilk hissədə “İqtisadçı” 4 top öndə idisə, bu dəfə rəqib eyni hesabla irəli çıxıb – 5:1. Bundan sonra Karslıoğlu taym-aut götürmək məcburiyyətində qalsa da, xeyri olmayıb, “Srvena Zvezda” texniki fasiləyə öndə yollanıb – 8:2.

Fasilədən sonra komandamız əzmkarlıq nümayiş etdirib. Öncə hesabı bərabərləşdirən (12:12) “tələbələr” sonda 25:16 hesabı ilə qalib gəliblər.

Üçüncü hissəyə də rəqib fəal başlayıb – 8:5. Amma “İqtisadçı” yenə rəqibin sevinməsinə imkan verməyib və bu dəfə seti 2 top öndə bitirərək, rəqibindən çox güclü olduğunu sübut edib.

Beləliklə, Belqradda şou göstərən “İqtisadçı” Çempionlar Liqasında debütünü 3 xalla başa vurub. Qrupumuzun digər matçında isə “Dinamo” (Moskva, Rusiya) “Pyaçentsa”ya (İtaliya) 3:1 hesabı ilə qalib gəlib.

22 oktyabr
I tur

B qrupu

“Srvena Zvezda” (Serbiya) – “İqtisadçı” (Azərbaycan) - 0:3 (15:25, 16:25, 23:25)
Hakimlər: Sotirios Delikostides (Yunanıstan), Dobromir Dobrev (Bolqarıstan)
Belqrad, “Sumiçe” İdman Kompleksi