İkinci “eşelon” meydana çıxır
22.10.2013 - 13:59
İkinci “eşelon” meydana çıxır
Sabah Azərbaycan klubları Avropanın ikinci səviyyəli klub turniri – CEV kubokunda mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi ötən il olduğu kimi bu dəfə də 2 komanda təmsil edəcək.

Təmsilçilərimizdən mübarizəyə öncə “Lokomotiv” qoşulacaq. Son mövsümdə Super Liqanı 4-cü yerdə bitirən “dəmiryolçular” paytaxtda Çexiyanın “Brno” klubunu qəbul edəcək. Görüşdə voleybolçularımızın qələbəsi gözləniləndir. Çünki rəqib heç vaxt Azərbaycan klubları ilə bacarmır.

Amma “Lokomotiv”in də asan qalib gələcəyi inandırıcı deyil. Ötən mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə kimi yüksələn komanda hazırda yeni heyətlə inamlı təsir bağışlamır.

Onlardan fərqli, “Azərreyl” ilk “imtahan”ına səfərdə çıxacaq. Komandamız Serbiyada “Partizan”ın qonağı olacaq. Bu görüşün də gərgin keçəcəyini söyləmək mümkündür. Hazırda yaxşı formada olan Belqrad təmsilçisi ən azı evdə qələbə qazanmaq gücündədir.

Lakin “Azərreyl” Super Liqanın ilk turunda “Azəryol”a qarşı oynadığı kimi çıxış etsə, serblər çətin ki, 1 setə belə sevinsin. Belə olan halda komandamız ev qarşılaşmasına da rahat çıxa biləcək.

CEV kuboku
1/16 final mərhələsi, ilk oyunlar
23 oktyabr


18:00. “Lokomotiv” (Azərbaycan) – “Brno” (Çexiya)
Hakimlər: Sergey Vaytsiakoviç (Belarus), Arzu Əmioğlu (Türkiyə)
Bakı, Voleybol Mərkəzi

22:00. “Partizan” (Serbiya) – “Azərreyl” (Azərbaycan)
Hakimlər: Alina Suciu (Rumıniya), Andreas Daniil (Kipr)
Belqrad, İdman Sarayı