“Lokomotiv” avrokuboka asan qələbə ilə başladı - YENİLƏNİB
23.10.2013 - 18:21
“Lokomotiv” avrokuboka asan qələbə ilə başladı - YENİLƏNİB
Bu gün “Lokomotiv” CEV kubokunun 1/16 final mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Super Liqanı 4-cü yerdə bitirən “dəmiryolçular” paytaxtda Çexiyanın “Brno” klubunu qəbul edib.

Görüş gözlənildiyi kimi, Bakı təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. Heç vaxt Azərbaycan klubları ilə bacarmayan “Brno” bu dəfə də paytaxtımızdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Belə ki, Super Liqaya məğlubiyyətlə başlayan “Lokomotiv” ilk hissənin startında yaxşı oynayıb. Onlar hətta 6 top önə keçməyi bacarıblar – 13:7. Lakin bundan sonra qonaqlar fəallaşaraq, hesabda tarazlığı bərpa ediblər – 17:17.

Təbii ki, bu, “Lokomotiv”in baş məşqçisi Kladio Kuellonu razı salmayıb və argentinalı çalışdırıcı taym-aut götürmək məcburiyyətində qalib. Onun tapşırıqları isə özünü çox gözlətməyib. “Lokomotiv” yenidən öz oyununu taparaq, seti xeyrinə başa vurub – 25:20.

İkinci hissədə “Brno” voleybolçularımızın hücumları qarşısında aciz qalib. Bunun nəticəsi olaraq, ilk və ikinci texniki fasilələrə üstün yollanan “Lokomotiv” yekunda 13 top fərqi ilə qalib gələrək, setlərin fərqini 2-yə çatdırıb.

Üçüncü set isə sonuncu olub. Komandamız bu dəfə 25:17 hesabı ilə qalib gəlib.

Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan “Lokomotiv” səfərə rahat yollana bilər. Cavab matçı oktyabrın 29-na təsadüf edəcək.


CEV kuboku
1/16 final mərhələsi, ilk oyunlar
23 oktyabr


“Lokomotiv” (Azərbaycan) – “Brno” (Çexiya) - 3:0 (25:20, 25:12; 25:17)
Hakimlər: Sergey Vaytsiakoviç (Belarus), Arzu Əmioğlu (Türkiyə)
Bakı, Voleybol Mərkəzi