“Rabitə” Natalya Məmmədovanı məyus etdi - YENİLƏNİB
24.10.2013 - 18:04
“Rabitə” Natalya Məmmədovanı məyus etdi - YENİLƏNİB
Bu gün “Rabitə” Çempionlar Liqasının yeni mövsümündə ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu Rusiyanın “Omiçka” klubunu qəbul edib.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan qarşılaşma kifayət qədər maraqlı alınıb. Komandamız hazırda Rusiya çempionatında 1-ci pillədə gedən omskluları Bakıdan məyus yola salıb. Evdə daim azarkeşlərinə sevinc bəxş edən Bakı təmsilçisi əsas “silahı” Azərbaycan millisinin və “Rabitə”nin sabiq hücumçusu Natalya Məmmədova olan komandanın qələbə seriyasını da qırıb. “Omiçka” mövsümdə 15-ci matçında ilk dəfə paytaxtımızda məğlub olub.

Belə ki, ilk set qarşılıqlı hücumlar şəraitində başlayıb. Birinci texniki fasiləyə 2 top öndə yollanan Azərbaycan çempionu ardınca top fərqini 4-ə çatdırıb – 14:10. Lakin bundan sonra qonaqlar fəallaşaraq, hissədə status-kvonu bərpa edib – 14:14. Bu isə “Rabitə”nin voleybolçularını razı salmayıb və komandamız “Omiçka”dan ardıcıl 10 xal alıb.

Ardınca şimallılar hesab arasındakı fərqi azaltsalar da, “Rabitə” seti aktivinə yazmaqda çətinlik çəkməyib – 25:16.

Növbəti hissə tam başqa ssenari ilə davam edib. Bu dəfə meydanda təşəbbüs Məmmədovanın komandasının tərəfinə keçib. Artıq oyunda taktikanı dəyişən ruslar hər 2 texniki fasiləyə öndə çıxıb – 8:5, 16:11.

İkinci texniki fasilədən sonra “Rabitə” hücumlarının kəsərini artırıb. Amma rəqibin bloku onların hamısının xalla başa çatmasına imkan verməyib. Düzdür, komandamız top fərqini 2-yə endirib – 14:16. Amma “Omiçka” inamlı müdafiə sayəsində yekunda 25:20 hesablı qələbə qazanıb.

Üçüncü setdə qalib gəlmək komandamız üçün çox vacib idi. Çünki onlar bu dəfə də uduzacaqları halda ən azı bir xal itirəcəkdilər. Bunun üçün də inamlı çıxış edən voleybolçularımız artıq ilk texniki fasiləyə 4 top irəlidə yollanıblar. İkinci texniki fasilədə bunu 5 topa çatdıran “Rabitə” yekunda 25:19 hesabı ilə qalib gəlib.

Lakin məğlubiyyətlə barışmaq istəməyən Omsk təmsilçisi arzusuna IV hissədə çatıb. Onlar hər 2 texniki fasiləyə 2 top irəlidə çıxdıqdan sonra “Rabitə” hesabı bərabərləşdirib – 17:17. Bunun ardınca xalaxal prinsipi ilə davam edən setin taleyini isə Natalya həll edib. Onun güclü zərbələri “Omiçka”nın matçda tarazlığı bərpa etməsi ilə nəticələnib – 2:2.

Tay-brek isə komandamız üçün uğurla başlayıb. “Rabitə” ardıcıl 3 xal qazanıb. Amma ardınca yenidən Məmmədovanın sayəsində “Omiçka” önə keçib – 6:4. Bu isə komandamızı sanki “yuxudan” ayıldıb. Baş məşqçimizin götürdüyü fasilə voleybolçularımızın inamlı çıxışına səbəb olub – 10:8.

Bakıda qələbə seriyasına davam etdirmək “Omiçka” çox çalışıb fərqi minimuma (13:14) endirsə də, “Rabitə” onlara ölkəmizdə qalib gəlməyin mümkünsüz olduğunu isbatlayıb – 15:13. Çünki bundan öncə paytaxtın digər klubları ilə də qarşılaşan rəqib Bakını məyus tərk etmişdi.

Beləliklə, “Rabitə” Çempionlar Liqasına qələbə ilə başlayıb. Amma buna baxmayaraq, onlar 3:2 hesabı ilə qalib gəldiklərindən 2 xala seviniblər.


24 oktyabr
I tur


“Rabitə” (Azərbaycan) – “Omiçka” (Rusiya) - 3:2 (25:16; 20:25; 25:19; 23:25; 15:13)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Simone Santi (İtaliya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Qeyd edək ki, qrupumuzun digər matçında “Dresdner” (Almaniya) “Beziers”ə (Fransa) 3:1 hesabı ilə qalib gəlib.