“Rabitə” Fransada qrup liderliyinə yüksəldi - YENİLƏNİB
30.10.2013 - 01:02
“Rabitə” Fransada qrup liderliyinə yüksəldi - YENİLƏNİB
“Rabitə” Çempionlar Liqasının II turu çərçivəsində Fransa “Beziers”in qonağı olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Avropanın ən nüfuzlu klub turnirində rəqibinə heç bir şans verməyərək, layiqli qələbə qazanıb.

Belə ki, A qrupunda yer alan Bakı təmsilçisi səfərdə gözlənilən 3 xalı aktivinə yazıb. Onlar bununla da “Omiçka” ilə matçda itirdikləri 1 xalı sığortalayıblar.

Düzdür, ilk set ev sahiblərinin hücumları ilə başlayıb. Lakin “Rabitə” rəqibin çox irəli getməsinə imkan verməyib. “Beziers” birinci texniki fasiləyə 2 top öndə yollansa da, voleybolçularımız tezliklə üstünlüyü ələ alıblar – 9:8. Bu 1 top fərqi hissənin sonuna kimi davam edib – 23:22. Yekunda isə Bakı təmsilçisi inamlı çıxış sayəsində hissəni aktivinə yazıb – 25:23.

Ardınca ssenari dəyişib. Bu dəfə “Rabitə” setə uğurla başlayıb – 3:1. Amma məğlubiyyətlə barışmaq istəməyən fransızlar hücumlarını kəsərini artıraraq, önə keçiblər – 4:3. Onlar hətta ilk texniki fasiləyə 3 top irəlidə çıxıblar. Meydana döndükdən sonra baş məşqçimizin göstərişləri isə komandamızın oyunda dönüş yaradıb. Nəticədə “Rabitə” ikinci texniki fasiləyə üstün yollanıb (16:15) və sonda hissəni 5 top fərqi ilə xeyrinə bitirib.

Üçüncü set komandamız üçün daha asan keçib. İlk texniki fasiləyə 3, ikinci texniki fasiləyə 8 top irəlidə çıxan Super Liqanın qalibi bu dəfə 9 top fərqli ilə qalib gəlib - 25:16.

Beləliklə, “Dresdner” (Almaniya) və “Omiçka”dan (Rusiya) 1 matç çox keçirən Ancolino Friqoninin yetirmələri qrupda liderliyə yüksəliblər. Onların Omskda baş tutacaq qarşılaşmadan sonra da birinci yerdə qalacağını proqnozlaşdırmaq olar. Çünki “Omiçka”nın almanlarla görüşdə uduzacaqları inandırıcı deyil.

Çempionlar Liqası
II tur
A qrupu
29 oktyabr

“Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 0:3 (23:25, 20:25, 16:25)
Hakimlər: Susana Rodriquez (İspaniya), Boris Skudnik (Sloveniya)
Agde, İdman Sarayı

Rabitə
2
2
0
6-2
183-157
5
Dresdner
1
1
0
3-1
97-86
3
Omiçka
1
0
1
2-3
98-108
1
Beziers
2
0
2
1-6
145-172
0