Reyçel Rurk: Bizi əsl marafon gözləyir
18.12.2013 - 15:00
Reyçel Rurk: Bizi əsl marafon gözləyir
“Biz eyni səviyyədə oyun göstərə bilmədik. İkinci hissədən sonra mənə elə gəldi ki, müəyyən müddət mübarizəni də dayandırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin hücumçusu Reyçel Rurk deyib.

Avstraliyalı legioner Çempionlar Liqasında “Omiçka”ya 3:2 hesabı ilə qalib gəldiyimiz oyun barədə danışıb. O, rusiyalı həmkarlarımıza 2:0 hesabı ilə öndə olduqları qarşılaşmada omskluların hesabı bərabərləşdirməsinin səbəblərini açıqlayıb: “Bu da dərhal bizim üçün problemə çevrilib, uduzmağımızla nəticələndi. Komandamız əvvəldən-axıradək öz oyununu oynamalı idi. Belə olsaydı, qarşılaşmanı daha erkən bitirə bilərdik. Bizim üçün ən ağır dördüncü hissə oldu. Heç cür ritmi tuta bilmirdik. Ardıcıl xallar itirirdik. Özümüz isə heç cür dəqiq top vura bilmirdik. Bütün bunlar da qarşılaşmanın tay-brekə qədər getməsinə səbəb oldu”.

Rurk bildirib ki, bundan sonra oyun planında dəyişiklik komandanın qələbə qazanması ilə nəticələnib: “Bu da görüşün sonunda işimizə yaradı. Birinci olmaq həmişə yaxşıdır. Üstəlik, növbəti mərhələdə bizi nisbətən asan rəqib gözləyə bilər. İndi Milad öncəsi bir müddət istirahət olacaq. Bundan sonra isə bizi əsl marafon gözləyir. 4 ay ərzində hər 3 gündən bir oynamalı olacağıq”.