Azərbaycan klubu Çempionlar Liqasının qalibi ilə oynaya bilər
19.12.2013 - 16:26
Azərbaycan klubu Çempionlar Liqasının qalibi ilə oynaya bilər
Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək “Rabitə”nin yarımfinalda potensial rəqibi bilinib. Apasport.az saytının məlumatına görə, 1/6 və 1/3 final mərhələsindən azad olan Bakı təmsilçisi Rusiya, İsveçrə və ya İtaliya klublarından biri ilə qarşılaşa bilər.

Belə ki, I pley-off mərhələsində baş tutacaq “Dinamo” (Moskva, Rusiya) - “Dinamo” (Kazan, Rusiya) və “Volero” (İsveçrə) - “Pyaçentsa” (İtaliya) cütlərinin qalibləri arasında 1/3 finalda keçiriləcək görüşlərin güclüsü “Rabitə” ilə üz-üzə gələcək.

Martın 15-də Bakıda baş tutacaq yarımfinal mərhələsinin digər cütündə isə II pley-off mərhələsinin qalibləri qarşılaşacaqlar. Burada “Omiçka” (Rusiya) - “Konegliano” (İtaliya) və “Atom” (Polşa) - “Əczaçıbaşı” (Türkiyə) cütlərinin qalibləri bir yarımfinalçını müəyyənləşdirəcək. Bu “dördlüy”ün ən yaxşısı isə finala çıxmaq uğrunda “Kann” (Fransa) - “Qalatasaray” (Türkiyə) və “İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə) cütlərinin qalibləri arasında matçlarda qələbə qazanan komanda ilə görüşəcək.

Püşkün nəticələrinə əsasən, son Çempionlar Liqasının finalçıları – “Rabitə” və “Vakıfbank” yenə yalnız həlledici görüşdə qarşılaşa bilər. Təbii ki, bunun üçün hər 2 komanda məğlubiyyətsiz irəliləməlidir. Lakin yarımfinal cütlərində dəyişiklik edilməsi də mümkündür.

Əgər “İqtisadçı” əvvəl qitənin ən güclüsü titulunu daşıyan İstanbul təmsilçisini, ardınca isə böyük ehtimalla “Qalatasaray”ı mübarizədən kənarlaşdırsa, yarımfinalda Azərbaycan derbisi baş tutacaq. Bunu Avropa Voleybol Konfederasiyasının mövcud reqlamenti tələb edir.

Qeyd edək ki, Çempionlar Liqasının qalibi martın 16-da məlum olacaq.