7 komanda Azərbaycan çempionatına qatılmadı
23.12.2013 - 14:31
7 komanda Azərbaycan çempionatına qatılmadı
Kişi voleybolçular arasında keçirilən zona yarışlarının ilk mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq 4 zona üzrə qrup mərhələsinə (yarımfinala) vəsiqə qazanan komandaların adı müəyyənləşib.

Belə ki, reqlamentə əsasən 13 klubun yarışdığı Bakı zonasında 3 komanda mərhələ adlayıb. Bunlar “Neftçi”, “Sərhədçi” və gənclərdən ibarət Azərbaycan millisidir. Gəncəbasar zonasında eyniadlı zonanın yığması, Naxçıvandan isə (hərəsində 8 komanda olub) “Sədərək” qrup mərhələsinə yüksəlib.

Ən maraqlı hadisə isə Kürdəmir zonasında yaşanıb.

Yarışda ev sahibi ilə yanaşı, Ağsu, Ucar, Göyçay, Şamaxı, Ağdaş, Qobustan və Zərdab komandaları iştirak etməli olsalar da, “Kürdəmir”dən başqa heç biri oyunlara qatılmayıb. Nəticədə Kürdəmir birbaşa mərhələ adlayıb.

Digər 4 zonanın yarışları yanvarın sonuna kimi başa çatmalıdır.

Qeyd edək ki, yarımfinal matçları mart ayına nəzərdə tutulub.